"Vətəndaş haqlı olsa belə, özünü müdafiə edə bilmir" - Razi Nurullayev
"Elə insanlar var ki, pulsuz hüquqi yardıma necə müraciət edəcəyini, şikayətini necə hazırlayacağını bilmir. Hətta vətəndaş haqlı olsa belə, hüquqi savadsızlığı və maddi imkansızlığı səbəbindən öz hüquqlarını müdafiə etmək iqtidarında olmur. Peşəkar vəkil xidmətindən istifadə etmək isə hər kəsin imkanları daxilində deyil".
Redaktor.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən bildirdi.
O vurğuladı ki, hüquqi savadsızlıq bəzən insanın öz hüququnun pozulduğunu belə anlamaması deməkdir:
"Əmək münasibətlərində, əmlak və ailə məsələlərində, sosial təminat sahəsində insanlar bəzən hansı hüquqlara malik olduqlarını belə bilmirlər. Ona görə də hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalıdır. İlkin hüquqi məsləhətin verilməsi və vətəndaşın düzgün istiqamətləndirilməsi də vacib amildir. Qanunun tətbiqi zamanı isə bir neçə məsələnin həllinə diqqət yetirilməlidir. İlk növbədə, pulsuz hüquqi yardım formal statistik göstəriciyə çevrilməməli, vətəndaş çoxsaylı sənədlər toplamaq məcburiyyətində qalmamalıdır".
Parlamentari diqqətə çatdırdı ki, ikinci mühüm məsələ xidmətin keyfiyyətinin təmin olunmasıdır:
"Pulsuz hüquqi yardımın keyfiyyəti hüquqi yardımın mahiyyətinə uyğun olmalıdır. Vəkillərin əməyinin adekvat maliyyələşdirilməsi də vacibdir ki, onlar keyfiyyətli hüquqi yardım göstərə bilsinlər və bu xidmət formal xarakter daşımasın. Pulsuz hüquqi yardımın keyfiyyətinə mütəmadi nəzarət edilməsi də vacib şərtlərdəndir. Bu, mövcud çatışmazlıqların və boşluqların aradan qaldırılmasına imkan verər. Digər mühüm məsələ regionlarda pulsuz hüquqi yardım xidmətlərinin təşkil edilməsidir. Bu xidmətlər yalnız paytaxtda deyil, bölgələrdə yaşayan vətəndaşlar üçün də əlçatan olmalıdır".
NURİYYƏ













