“Ailə başçısını itirmiş qadınlar da pulsuz hüquqi yardım ala bilməlidir”

 12:30 30.10.2026     133

"Hələlik müzakirə olunan məsələnin bütün aspektləri, o cümlədən hüquqi yardımın dövlət institutu tərəfindən təşkili, insanların hüquqi yardıma ehtiyac səviyyəsinin müəyyənləşdirilməsi və bunun mexanizmi tam aydın deyil. Düşünürəm ki, yeni qanunla bu sahədə müvafiq şərtlər və mexanizmlər müəyyən edilməli, insanların prosesdə iştirakına imkan yaradılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aydın Mirzəzadə dedi.

O, məsələnin ciddi şəkildə öyrənilməsinin vacibliyini nəzərə alaraq, komissiyaya bir neçə sual ünvanladı:

"Bildirildi ki, bu proses dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bilmək istərdim, artıq müəyyənləşdirilibmi ki, pulsuz hüquqi yardımdan istifadə edəcək insanların sayı təxminən nə qədər olacaq və bu, dövlət büdcəsinə nə qədər vəsaitə başa gələcək? Yoxsa əvvəlcə qanun qəbul ediləcək, daha sonra büdcədə nəzərdə tutulan vəsaitin bu məqsəd üçün kifayət edib-etmədiyi müəyyənləşdiriləcək? Bu, mənim birinci sualımdır.

İkinci sualım pulsuz hüquqi yardım alacaq şəxslərin siyahısı ilə bağlıdır. Bir ailədə bir nəfər işsiz kimi qeydiyyata alınarsa, bu hüquq həmin ailənin digər üzvlərinə də şamil ediləcək, yoxsa yalnız konkret şəxsə aid olacaq? Yəni bu imkan ailə üçün nəzərdə tutulur, yoxsa fərdi qaydada tətbiq ediləcək?

Bundan başqa, həmin siyahıya iki kateqoriyadan olan şəxslərin də əlavə edilməsini təklif edərdim. Birinci qrup ailə başçısını itirmiş şəxslər, xüsusilə qadınlardır. Onların da belə yardımdan istifadə edə bilməsi nəzərdə tutulmalıdır.

İkinci qrup isə qanunla müəyyən edilmiş kateqoriyalara daxil olmasa da, hüquqi yardıma ehtiyacı olan şəxslərdir. Təklif edərdim ki, belə insanlar məhkəməyə müraciət etdikdə, məhkəmə onların da pulsuz hüquqi yardım almaq hüququnun olub-olmaması barədə qərar verə bilsin. Beləliklə, məhkəmənin qərarı əsasında müəyyən edilən şəxslər də pulsuz hüquqi yardım alanların kateqoriyasına daxil edilsin".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən