Bu şəxslər pulsuz vəkil tuta biləcək - YENİ QANUN
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin əhatə dairəsi genişləndirilir. Yeni qanun layihəsinə əsasən, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, işsizlər, insan alverinin və məişət zorakılığının qurbanları, valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas kateqoriyadan olan şəxslər dövlət hesabına hüquqi və vəkil xidmətlərindən istifadə edə biləcəklər.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması ilə bağlı müəyyən etdiyi prinsip ölkənin dövlət idarəçiliyinin və sosial-iqtisadi kursunun əsas istiqamətidir. Onun sözlərinə görə, müzakirəyə çıxarılan qanun layihəsi də məhz bu yanaşma baxımından mühüm əhəmiyyət daşıyır.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", – H.Hüseynova Prezident İlham Əliyevin bu fikrini xatırladaraq bildirib.
O qeyd edib ki, təqdim olunan sənəd "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətindən irəli gəlib. Yeni qanun layihəsi ilə əlaqədar üç məcəllə və 11 qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Deputat diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində pulsuz hüquqi yardım sistemi mövcuddur. Lakin bu sistemin işləmə mexanizmləri ayrı-ayrı dövlətlərin hüquq sistemindən, maliyyə imkanlarından və sosial siyasətindən asılı olaraq fərqlənir.
Onun sözlərinə görə, Azərbaycanda təqdim olunan qanun layihəsi hüquq bərabərliyinin və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi baxımından əhəmiyyətlidir. Sənəd Konstitusiyanın hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu nəzərdə tutan müddəasının real mexanizmə çevrilməsinə, eyni zamanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının qorunmasına xidmət edir.
H.Hüseynova bildirib ki, hazırda da ölkədə həssas əhali qruplarının hüquqlarının müdafiəsi məqsədilə pulsuz hüquqi yardım sistemi fəaliyyət göstərir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, aztəminatlı şəxslərə və digər həssas qruplara daxil olan vətəndaşlara dövlət hesabına peşəkar vəkil xidmətləri göstərilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardımla təmin olunurlar.
Bununla belə, deputat bir çox həssas kateqoriyadan olan vətəndaşın hüquqi yardım almaqda çətinlik çəkdiyini vurğulayıb. O bildirib ki, bu sahədə mövcud problemlərdən biri məlumatlılığın kifayət qədər olmamasıdır.
Onun sözlərinə görə, bir çox vətəndaş hansı qurumlara müraciət etməli olduğunu, dövlət tərəfindən təmin edilən pulsuz hüquqi yardım mexanizmlərinin mövcudluğunu bilmir. Buraya Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım xidmətləri, müvafiq qeyri-hökumət təşkilatlarının layihələri və digər xidmətlər daxildir. Nəticədə, vətəndaşlar vaxtında müraciət etmədikləri üçün qanuni müdafiə imkanlarını itirirlər.
Deputat digər mühüm problemin psixoloji maneələrlə bağlı olduğunu bildirib. Qeyd edib ki, xüsusilə əlilliyi olan şəxslər, məişət zorakılığından zərər çəkənlər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş gənclər özünəinamın aşağı olması, cəmiyyətdən təcrid olunma və təqib olunma qorxusu kimi amillərlə üzləşirlər.
"Onların hüquqi yardıma ehtiyacı olsa da, hüquq-mühafizə orqanlarına və ya vəkillərə müraciət edə bilmirlər", – H.Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, məhz bu çətinliklər nəzərə alınaraq hazırlanmış qanun layihəsində pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sənəd hüquq bərabərliyinin təmin edilməsinə və pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid, işlək hüquqi mexanizmin formalaşdırılmasına imkan yaradacaq.
O vurğulayıb ki, bu dəyişikliklər hüquqi xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradacaq.
H.Hüseynovanın sözlərinə görə, qanunvericiliyə təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən aşağıdakı şəxslər istifadə edə biləcəklər:
- Əlilliyi olan və işləməyən şəxslər;
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- Şəhid ailələrinin üzvləri və müharibə veteranları;
- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- İşsiz kimi rəsmi qeydiyyatda olan şəxslər;
- İnsan alverinin qurbanları;
- Məişət zorakılığından zərər çəkmiş şəxslər;
- Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- Maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı səviyyədə qiymətləndirilən digər şəxslər.
Deputat bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti hesabına, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına qarşılanacaq.
H.Hüseynova əlavə edib ki, sözügedən qanun layihəsi Milli Məclisin müvafiq komitəsinin iclasında müzakirə olunub və birinci oxunuşda baxılması üçün parlamentin müzakirəsinə tövsiyə edilib.













