Jurnalisti döyən şagirdləri hansı cəza gözləyir? - AÇIQLAMA
"Jurnalistin qanuni peşə fəaliyyətini həyata keçirərkən fiziki zorakılığa məruz qalması cinayət məsuliyyəti yarada bilər. Belə hadisələrdə hücumun məqsədi, yetirilmiş xəsarətin dərəcəsi və hər bir iştirakçının hərəkətləri araşdırılmalıdır. Çəkilişdən narazılıq kiməsə qarşı zorakılıq tətbiq etməyə hüquqi əsas vermir".
Bunu Redaktor.az-a açıqlamasında vəkil Etibar Qarayev 225 nömrəli məktəbdə jurnalisti döyən şagirdlərin hansı cəza ilə üzləşə biləcəyindən danışarkən bildirdi.
O vurğuladı ki, ilk növbədə, Cinayət Məcəlləsinin 163-cü maddəsinin tətbiqi məsələsi qiymətləndirilməlidir:
"Həmin maddə zorakılıqdan və ya zorakılıq hədəsindən istifadə etməklə jurnalisti məlumat yaymağa, yaxud məlumatı yaymaqdan imtinaya məcbur etməyə görə məsuliyyət müəyyən edir. 163.1-ci maddə üzrə 500–1000 manat cərimə və ya bir ilədək islah işləri nəzərdə tutulur. Burada jurnalistin döyülməsi faktı ilə yanaşı, zorakılığın məhz onu məlumatın yayılması ilə bağlı müəyyən davranışa məcbur etmək məqsədi daşıması da müəyyənləşdirilməlidir. Bu əməl vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə olunmaqla törədilərsə, 163.2-ci maddəyə əsasən iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər. Əlavə olaraq, müəyyən vəzifələri tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun üç ilədək məhdudlaşdırılması da mümkündür".

Onun sözlərinə görə, döyülmə nəticəsində sağlamlığa vurulan zərər də ayrıca qiymətləndirilməlidir:
"Xəsarət yüngül olarsa, 128-ci maddə digər alternativ cəzalarla yanaşı, bir ilədək azadlıqdan məhrumetmə imkanı nəzərdə tutur. Az ağır xəsarət şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar yetirilərsə, 127.2.1-ci maddə üzrə 1–3 il azadlığın məhdudlaşdırılması və ya 1–5 il azadlıqdan məhrumetmə mümkündür. Eyni əlaqə ağır xəsarətə münasibətdə müəyyənləşdirilərsə, 126.2.2-ci maddədə 6–11 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Şəxsin yerdə təpiklənməsi hücumun üsulu və zərərçəkənin özünü müdafiə imkanları baxımından araşdırılmalıdır. Yalnız görüntülərə əsasən xəsarətin ağır olduğunu söyləmək düzgün olmaz. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə görə, xəsarətin xarakterinin və ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi üçün tibb sahəsində ekspertin rəyi tələb olunur".
E.Qarayev əlavə etdi ki, xuliqanlıq tərkibi də müəyyən edilərsə, qrup halında törədilən əmələ görə 221.2.1-ci maddə üzrə alternativ cəzalarla yanaşı, 1–3 il azadlıqdan məhrumetmə mümkündür:
"Bununla belə, bir neçə nəfərin hücumda iştirakı avtomatik olaraq xuliqanlıq demək deyil; ictimai qaydaya və cəmiyyətə münasibəti ifadə edən müvafiq əlamətlər də sübuta yetirilməlidir. İştirakçıların yaşı da əhəmiyyətlidir. 163-cü maddə üzrə məsuliyyət 16 yaşdan başlayır. Qəsdən ağır və ya az ağır xəsarət yetirməyə, eləcə də ağırlaşdırıcı hallarda xuliqanlığa görə isə 14 yaşdan məsuliyyət mümkündür. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən xüsusi qaydalar tətbiq olunur. Konkret hadisədə hansı maddələrin tətbiq ediləcəyi toplanmış sübutlardan asılıdır. Hər bir şəxsin hücumda rolu, məqsədi və vurduğu zərər fərdi qiymətləndirilməli, təqsirlilik və cəza məsələsi məhkəmə tərəfindən həll edilməlidir".
NURİYYƏ













