Torpağı var, amma gəliri yoxdur: sosial yardım ala bilməyənlərin problemi necə həll olunacaq? - AÇIQLAMA

 13:48 02.11.2026     156

Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirib ki, sosial müavinət almaq istəyən elə insanlar var ki, torpaq sahəsi olduğu üçün yoxsulluq meyarına uyğun gəlmirlər. Halbuki onların evinə faktiki olaraq heç bir gəlir daxil olmur. Buna görə də deputat təklif edib ki, insanların kateqoriyalara bölünməsi qaydası müəyyən qədər dəyişdirilsin.

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş millət vəkili, hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, torpaq sahəsinin vətəndaşın adına rəsmiləşdirilməsi həmin torpaqdan faktiki gəlir götürmək imkanının olduğunu təsdiqləmir:

"Torpaqdan gəlir hesablanırsa, həmin gəliri əldə etmək imkanının olub-olmadığı da araşdırılmalıdır. Burada ilk növbədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi qaydalarından söhbət gedir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, ailənin gəlirlərinə əmlakdan və ya şəxsi yardımçı təsərrüfatdan əldə olunan, yaxud əldə oluna biləcək pul və natural formada gəlirlər daxildir. Bununla belə, Nazirlər Kabinetinin 25 oktyabr 2023-cü il tarixli 381 nömrəli qərarı ilə yardımın təyin edilməsi qaydalarının 5.1-ci bəndindən “yaxud əldə oluna biləcək” sözləri çıxarılıb. Bu dəyişiklikdən sonra torpaq payından gəlirin normativ qaydada hesablanması mexanizmi isə qüvvədə saxlanılıb".

Müsahibimiz diqqətə çatdırdı ki, həmin müddəaların tətbiqi ilə bağlı məsələlər aydınlaşdırılmalıdır. Onun sözlərinə görə, konkret olaraq, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların 5.14-cü bəndində torpaq payından əldə edilən gəlirin torpağın keyfiyyət qrupuna uyğun normativ qiyməti və sahəsi əsasında, indeksləşdirmə aparılmaqla hesablanması nəzərdə tutulur:

"Lakin həmin bənddə suvarma çatışmazlığı, torpaq sahəsinə çıxışın olmaması və ya ailənin obyektiv səbəblərdən torpağı becərə, yaxud icarəyə verə bilməməsi hallarında hesablamanın necə düzəldiləcəyi ayrıca göstərilmir. Mənim qənaətimcə, dəyişdirilməli olan məsələ də məhz budur. Eyni zamanda, torpağın vəziyyətinin qanunvericilikdə ümumiyyətlə nəzərə alınmadığını demək də düzgün olmazdı. Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarı ilə təsdiq olunmuş əsasnamənin birinci bəndində keyfiyyət və iqtisadi qiymətləndirmə göstəriciləri nəzərə alınır. Altıncı bənd isə göstərilən hallarda keyfiyyət dəyişikliklərinin normativ qiymətdə əks etdirilməsini nəzərdə tutur.

Ancaq bu mexanizm konkret ailənin torpaqdan faktiki gəlir əldə edə bilməməsinin sosial yardım hesablanarkən necə nəzərə alınacağını tam həll etmir. Məsələn, sənədlərdə əkinə yararlı göstərilən torpaq sahəsinin su təminatı uzun müddət pozulubsa və ya həmin ərazidə quraqlıq baş veribsə, əvvəlki göstəricilər əsasında gəlir hesablanması ailənin faktiki vəziyyətini təhrif edə bilər. Ailənin torpağı özü becərə bilməməsi ilə yanaşı, onu icarəyə vermək imkanının olub-olmadığı da yoxlanılmalıdır. Bu maneələr təsdiqlənərsə, hesablanan gəlirin azaldılması və ya müvafiq dövr üçün nəzərə alınmaması imkanı yaradılmalıdır. Bunun üçün 5.14-cü bəndə torpaqdan gəlir əldə etməyə mane olan obyektiv halları və onların qiymətləndirilməsi qaydasını müəyyən edən əlavə müddəaların daxil edilməsini məqsədəuyğun hesab edirəm. Hansı məlumatların əsas götürüləcəyi, zərurət olduqda yerində baxışın kim tərəfindən aparılacağı və düzəlişin hansı müddətə tətbiq ediləcəyi də aydın şəkildə göstərilməlidir".

Ə.Nuriyev bildirdi ki, vətəndaşın sadəcə torpaqdan istifadə etmədiyini bildirməsi ilə təsdiqlənmiş istifadə imkanının olmaması fərqləndirilməlidir:

"Araşdırma aparmaq vəzifəsi mövcud qanunvericilikdə artıq nəzərdə tutulub. “İnzibati icraat haqqında” Qanunun 24.1 və 24.2-ci maddələri iş üzrə əhəmiyyətli faktların tam və obyektiv araşdırılmasını, vətəndaşın xeyrinə olan halların da nəzərə alınmasını tələb edir. Lakin bu ümumi vəzifə hesablanma qaydasını özbaşına dəyişmək səlahiyyəti vermir. Buna görə də həm mövcud məlumatlar düzgün yoxlanılmalı, həm də hesablamaya əsaslandırılmış düzəliş etmək üçün qaydalarda aydın hüquqi imkan yaradılmalıdır. Belə bir dəyişiklik torpaq sahəsi olan hər kəsə avtomatik olaraq sosial yardım verilməsi demək deyil. Yardım almaq hüququnun digər şərtləri qüvvədə qalır. Məqsəd ailənin faktiki olaraq əldə edə bilmədiyi gəlirin hesablanması səbəbindən onun sosial yardımdan kənarda qalmasının qarşısını almaqdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən