"Toxta" sözü ilə bağlı akademikdən deputata irad: "Milli mövqelərə güzəştə getsə, yaxşı olar"

 16:04 02.11.2026     190

Deputat Hikmət Babaoğlu təklif edib ki, stop nişanı əvəzinə toxta sözü yazılsın. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Deputatın təklifi ilə bağlı Redaktor.az-a danışan akademik Nizami Cəfərov bildirdi ki, “toxta” sözünün yol nişanlarında istifadə olunması üçün əvvəlcə türk dünyasında ortaq terminologiya ilə bağlı razılıq əldə edilməlidir:

"Hikmət bəyin hərdən belə maraqlı təklifləri olur. Bu nə zaman mümkün ola bilər? O zaman ki, bütün türk dünyası bir araya gəlsin, müzakirələr aparılsın və bu tip sözlərdə hansısa ortaq ifadədən, daha doğrusu, ortaq termindən istifadə edilməsi barədə razılıq əldə olunsun. Hələlik buna bir qədər var. “Toxta” sözü də qıpçaq dillərinə aiddir. Oğuz dillərində isə “dayan” və ya “dur” sözləri işlədilir. Türkiyə türkləri də belə məqamlarda “dur” deyirlər. Bizdə isə ənənəvi olaraq “dayan” sözü istifadə olunur".

Akademikin sözlərinə görə, “toxta” sözünü tatarlar, qazaxlar, başqırdlar, qırğızlar və digər qıpçaq xalqları işlədirlər:

"Ona görə də mənə elə gəlir ki, Hikmət müəllim bu məsələdə hələlik milli mövqelərə bir qədər güzəştə getsə, daha yaxşı olar. Gələcəkdə ümumtürkoloji səviyyədə belə bir razılaşma əldə olunarsa, o zaman bu məsələni müzakirə etmək mümkündür. Yəni “toxta”, “dayan”, “dur” və sair ifadələrdən hansının ortaq termin kimi qəbul ediləcəyi barədə düşünmək olar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən