Ayağı amputasiya olunmuş şəxs niyə hər il müayinədən keçməlidir? - Professordan sərt REAKSİYA

 17:37 02.11.2026     154

Əlilliyi olan şəxslər təyin edilmiş müddət başa çatdıqdan sonra sosial müavinətin davam etdirilməsi üçün yenidən tibbi müayinədən keçməli olurlar. Lakin bu tələb bəzi şəxslər üçün ciddi narahatlıq yaradır. Məsələn, ayağı amputasiya olunmuş şəxsin müəyyən müddətdən bir yenidən müayinəyə cəlb edilməsinin nə dərəcədə zəruri olduğu sual doğurur. Axı belə bir vəziyyətdə insanın itirilmiş əzasının bərpa olunması mümkün deyil. Digər tərəfdən, bəzi vətəndaşlar səhhətləri və hərəkət məhdudiyyətləri səbəbindən müayinəyə gedə bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, evdə müayinənin təşkili üçün müraciət etdikdə isə aidiyyəti qurumlar bunu həyata keçirmək səlahiyyətlərinin olmadığını deyirlər.

Bu baxımdan, əlilliyi daimi xarakter daşıyan şəxslərin təkrar müayinəyə cəlb olunması nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu, çox ağrılı məsələdir:

"Xüsusilə də bəzən qazilərimizə, müharibə iştirakçılarına qarşı belə hallara yol verilir. Bu da cəmiyyətdə ciddi narazılıq yaradır. Məsələ ondadır ki, biz nə vaxt Qərb standartlarına keçəcəyik? Dünyada bu məsələlər necə həll olunursa, bizdə də eyni qaydada tənzimlənməlidir. Hər hansı bir həkim əmək qabiliyyətinin itirilmə dərəcəsini, bunun müvəqqəti, yoxsa daimi olduğunu müəyyən etmək üçün xəstəni müayinə edir, diaqnoz qoyur və həmin məlumatları müvafiq sistemə daxil edir. Daha sonra sistemə yerləşdirilən diaqnoz əsasında aidiyyəti qurum tərəfindən həmin şəxsə əlillik dərəcəsi təyin olunur. Bu prosesə görə bütün məsuliyyət diaqnozu qoyan həkimin və klinikanın üzərində qalmalıdır. Laborator analizlər, müayinələr və onların nəticələri təsdiqlənməlidir. Konkret olaraq, ayrı-ayrı situasiyalarda əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilmə dərəcəsi müəyyən edilməlidir. Məsələn, amputasiya olunmuş şəxs əmək qabiliyyətini daimi itirmiş hesab olunur. Bu vəziyyət artıq müvafiq ekspertiza tərəfindən də müəyyən edilə bilər".

Professor nəzərə çatdırdı ki, amputasiya olunmuş şəxsin hər il müayinəyə aparılması absurddur:

"Bunun heç bir mənası yoxdur. Onkoloji xəstələrə gəlincə, onların reabilitasiya və müalicə prosesləri nəzərə alınmalıdır. Bu xəstələrin vəziyyəti müəyyən müddətdən sonra yenidən qiymətləndirilə bilər. Elə xəstəliklər də var ki, məsələn, revmatoid artrit və autoimmun xəstəliklər insanın əmək qabiliyyətini ciddi şəkildə azaldır, hətta tamamilə itirməsinə səbəb olur. Belə şəxslər müvafiq reyestrdə təsdiqlənməli və onlara birdəfəlik əlillik təyin olunmalıdır.

Bundan əlavə, həmin şəxslər müavinətlə təmin edilməli, ambulator müalicə üçün istifadə etdikləri dərmanlar və digər zəruri vasitələr icbari tibbi sığortanın əhatəsinə daxil edilməlidir. Bu məsələləri birdəfəlik həll etmək mümkündür. Niyə bunu etmirik, bilmirəm. Ancaq dünyada bu işlər necə tənzimlənirsə, bizdə də həmin qaydada olmalıdır. Gec-tez onsuz da bu sistemə keçəcəyik. Lakin hələlik problem davam edir və müəyyən şəxslərdə haqlı narazılıq yaradır. Bu məsələlər öz həllini tapmalıdır. Bunun üçün vahid sistem qurulmalıdır. Həkim-ekspertiza komissiyaları və bu kimi əlavə qurumlar da aradan qaldırılmalıdır. Belə qurumların sayı nə qədər az olsa, sistem bir o qədər effektiv işləyər. Bu prosesə görə məsuliyyət daşıyan həkim, xəstəxana və diaqnozun düzgünlüyünə nəzarət edən müvafiq dövlət qurumu olmalıdır. Məncə, nazirliyin tabeliyində fəaliyyət göstərən ayrıca bir şöbə də bu iş üçün kifayət edər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən