"Qələbə şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına əldə edilib" - Sahibə Qafarova

 11:43 03.11.2026     84

Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mahiyyətinin ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışları ilə ifadə oluna biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Sahibə Qafarova bunu parlamentin noyabrın 3-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Zəfərin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır.

Spiker bildirib ki, ədalət anlayışı torpaqlarımızın 30 illik işğalına son qoyulması, 8 Noyabr Zəfərinin dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açması ilə ifadə olunur.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib və Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub.

Sahibə Qafarova dövlətçilik anlayışından danışarkən vurğulayıb ki, qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanunauyğun yekunu olub.

O bildirib ki, böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub.

Spiker hüquq anlayışına toxunaraq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirilib, dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edilib.

Quruculuq anlayışından danışan Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzurun bərpasının, “Böyük Qayıdış” proqramının icrasının qələbəyə real məzmun qazandırdığını diqqətə çatdırıb. O bildirib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması azad edilmiş torpaqlara həyat gətirir.

Milli Məclisin sədri böyük qələbənin Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaratdığını söyləyib.

O, dövlət başçısı İlham Əliyevin ardıcıl səylərinin regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəldiyini qeyd edib.

Sahibə Qafarova əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin digər layihələri kimi, bu layihə də uğurla başa çatdırılacaq.

Spiker çıxışında Azərbaycana tarixi Zəfəri bəxş etmiş Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərə minnətdarlığını bildirib, onları təbrik edib.

O, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanmasını təklif edib.

Sahibə Qafarova, həmçinin Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə fəaliyyətlərində dövlət başçısına və Birinci vitse-prezidentə yeni uğurlar arzulayıb.

Sonda spiker Vətən müharibəsində şəhid və qazilərimizin canı və qanı bahasına qələbə əldə olunduğunu xatırladıb, şəhidlərə Allahdan rəhmət, qazilərə möhkəm can sağlığı diləyib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən