"Qələbənin davamı insan hüquqlarının hər bir vətəndaşın həyatında əksini tapmasıdır" - Zahid Oruc
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən və dövlət suverenliyinin tam bərpasından sonra insan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran yeni vəzifələrdən danışıb.
Redaktor.az xəbər verir ki, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı Prezident İlham Əliyevin İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizəd təqdim etməsini ölkənin konstitusion həyatında mühüm hadisə kimi qiymətləndirib.
Zahid Oruc bildirib ki, yeddi il əvvəl, torpaqlarımızın işğal altında olduğu dövrdə keçirilən Ombudsman seçkisindən fərqli olaraq, hazırkı seçki Vətən müharibəsindəki Qələbədən və dövlət suverenliyimizin tam bərpasından sonrakı yeni mərhələyə təsadüf edir.
Komitə sədri əvvəlcə Ombudsman institutunun yaranma tarixinə toxunub. O, Ümummilli Lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində ölkəni xaosdan və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etməsini xüsusi vurğulayıb.
"1990-cı illərin əvvəllərində Azərbaycanı xaosdan və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev, sözün əsl mənasında, xalqımızın bir nömrəli Müvəkkili idi. İnsanların təhlükəsizlik və sabitlik şəraitində yaşaması, ilk növbədə, dövlətin qorunub saxlanılmasını və ölkədə qanuni hakimiyyətin bərqərar olmasını tələb edirdi. Heydər Əliyev xalqımızı anarxiya və parçalanmadan qurtarmaqla yanaşı, gələcəyə inamını bərpa etdi, hüquqlarımızın müdafiəsi üçün zəruri konstitusion əsasları formalaşdırdı", – deyə Zahid Oruc bildirib.
Deputat qeyd edib ki, Ombudsman institutunun yaradılması istiqamətində hüquqi əsaslar 1998-ci ildə imzalanan Fərman və İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı ilə formalaşdırılıb. 2001-ci il dekabrın 28-də müvafiq Konstitusiya Qanunu qəbul edilib, 2002-ci ilin iyulunda Elmira Süleymanova Azərbaycanın ilk Ombudsmanı seçilib.
Komitə sədri institutun fəaliyyətinə ictimai etimadın artdığını göstərən rəqəmləri də diqqətə çatdırıb.
"Təkcə bir faktı xatırlatmaq yerinə düşər: 2011-ci ildə Ombudsmana vətəndaş müraciətlərinin sayı 12 min 680 təşkil edirdisə, 2025-ci ildə müvafiq göstərici 42 min 685-ə çatıb. Ona görə də həqiqi etimadın ölçüsü artan məsuliyyət və pozulmuş hüquqların bərpası deməkdir", – deyə o vurğulayıb.
Zahid Orucun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Ombudsman institutunun fəaliyyət istiqamətlərini də dəyişdirib.
"Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Qələbə və dövlət suverenliyimizin tam bərpası bir milyona yaxın qaçqın və məcburi köçkünlə yanaşı, bütövlükdə xalqımızın ən ali hüquqlarını təmin etdi. Otuz ilə yaxın müddətdə işğalın nəticələrinə, humanitar məhrumiyyətlərə, mülkiyyət və təhlükəsiz yaşamaq hüquqlarının pozulmasına həsr edilən Ombudsman məruzələrinin artıq gündəliyi və fəsilləri dəyişir", – deyə deputat bildirib.
O qeyd edib ki, dövlətin konstitusion yurisdiksiyası bütün ərazilərimizdə bərpa olunduğundan, gələcək Ombudsman məruzələrində Böyük Qayıdışın hüquqi nəticələri, yeni yaşayış məntəqələrində vətəndaş hüquqlarının qorunması və dövlət xidmətlərinə çıxış imkanları daha geniş əksini tapmalıdır.
"Qarşıdakı dövr işğal, qaçqınlıq və məcburi köçkünlük taleyini yaşamayan yeni nəslin yetişəcəyi gələcək deməkdir. Qələbənin davamı insan hüquqlarının və ədalətin hər bir vətəndaşın həyatında əksini tapmasıdır", – deyə Zahid Oruc diqqətə çatdırıb.
Komitə sədri müasir dövrdə insan hüquqları sahəsində yaranan yeni çağırışlardan da danışıb. O bildirib ki, müharibələr, miqrasiya böhranları, informasiya qarşıdurmaları, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı hüquqi müstəvidə yeni problemlər yaradır.
Deputatın fikrincə, Ombudsman institutu yalnız beynəlxalq təşkilatların hesabatlarına cavab verməklə kifayətlənməməli, eyni zamanda, insan hüquqları sahəsində beynəlxalq platformalarda mühüm təşəbbüslərlə çıxış etməlidir.
Zahid Oruc gələcək Ombudsmanın dövlət orqanları ilə səmərəli əməkdaşlıq etməsinin vacibliyini vurğulamaqla yanaşı, həmin qurumların fəaliyyətindəki nöqsanlara münasibətdə prinsipial mövqe tutmasının əhəmiyyətini də qeyd edib.
"Müvəkkilin müstəqilliyi, peşəkarlığı və obyektivliyi onun ictimai nüfuzunun əsas təminatıdır. Dövlət hakimiyyətinin bütün qolları insan hüquqlarının müdafiəsində maraqlı olmalıdır. Ombudsmanın vəzifəsi isə həmin hüquqlar pozulduqda vətəndaşın yanında olmaqdır!", – deyə komitə sədri bildirib.
Çıxışının sonunda Zahid Oruc Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə təqdim olunan üç namizəd – Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın təhsil və peşəkar fəaliyyətləri barədə məlumat verib.
O, hər üç namizədin təcrübəsini diqqətə çatdıraraq, müzakirələrdən sonra Milli Məclisin qarşıdakı yeddi il üçün İnsan hüquqları üzrə müvəkkilin seçilməsi ilə bağlı ədalətli qərar qəbul edəcəyinə inamını ifadə edib.
NURİYYƏ













