Səbinə Əliyeva növbəti 7 ildə əsas hədəflərini AÇIQLADI
Növbəti müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva qarşıdakı dövrdə əsas hədəflərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Səbinə Əliyeva Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin prioritet istiqamətlər olacağını bildirib.
O, həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda Ombudsman təsisatına əlçatanlığın artırılmasının vacibliyini vurğulayıb.
Səbinə Əliyeva, həmçinin rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların tətbiqinin fəaliyyətin əsas istiqamətlərindən biri olacağını diqqətə çatdırıb.
O qeyd edib ki, hüquqi maarifləndirmənin yeni çağırışlara uyğunlaşdırılması, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın dərinləşdirilməsi də qarşıdakı mərhələdə xüsusi əhəmiyyət daşıyacaq.
Beynəlxalq fəaliyyətə toxunan Ombudsman milli təcrübənin təşviqi, Azərbaycanın insan hüquqları sahəsindəki nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.
Səbinə Əliyeva ona göstərilən yüksək etimadı insan hüquq və azadlıqlarının müdafiəsi missiyasına verilən böyük dəyər kimi qiymətləndirib. O, qazanılmış təcrübə və institusional imkanların Ombudsman təsisatının fəaliyyətini müasir tələblərə uyğun inkişaf etdirməyə, həmçinin Milli Məclislə əməkdaşlığı daha da gücləndirməyə imkan verəcəyinə əminliyini ifadə edib.
NURİYYƏ













