“Azərbaycançılıq yoxdursa, dövlətin müstəqilliyi təhlükə altına düşər” - Nizami Cəfərov
"Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının formalaşdığı dövrdən etibarən yaranmağa başlayıb. Bu dövrü müxtəlif zamanlarla əlaqələndirirlər və fərqli fikirlər mövcuddur. Ancaq bu məsələni konkretləşdirməyə ehtiyac yoxdur".
Bunu Redaktor.az-a açıqlamasında azərbaycançılıq ideologiyasından danışan akademik Nizami Cəfərov bildirdi.
Ona elə gəlir ki, Azərbaycan xalqının formalaşması prosesi təxminən ilk orta əsrlərdən başlayıb və orta əsrlərin sonuna, yeni dövrün əvvəllərinə, yəni XVII-XVIII əsrlərə qədər davam edib:
"Bu, uzun bir prosesdir. Məsələn, tanınmış tarixçimiz professor Həsən Həsənovun fikrinə görə, Azərbaycan xalqının formalaşması prosesi eramızdan əvvəl I minilliyin əvvəllərindən başlayır və bu günə qədər davam edir. Burada ümumi tipoloji xüsusiyyətlər var. Dünya xalqlarının formalaşma tarixində də bu məsələnin müəyyənləşdirilməsi ilə bağlı geniş zaman çərçivəsi mövcuddur. Ona görə də bu mövzu üzərində dayanmayıb əsas məsələyə keçək. Azərbaycan xalqı nə vaxt formalaşmağa başlayıbsa, azərbaycançılıq ideologiyasının əsasları da həmin dövrdən qoyulub. Bu ideologiyanın ilkin mərhələləri daha çox etnoqrafik məzmuna malik olub. Bu gün isə azərbaycançılıq siyasi hadisədir, hətta etnoqrafik-siyasi hadisə kimi də xarakterizə oluna bilər.
Bəs azərbaycançılığa nə daxildir? Buraya Azərbaycan xalqının etnik mənşəyi, dini mənsubiyyəti və ümumbəşəri mahiyyəti daxildir. Sonuncu anlayışın əsasını insan amili təşkil edir. Dünya və insan anlayışı məhz bu amildən keçir. Hər bir azərbaycanlı, digər xalqların nümayəndələri kimi, ilk növbədə insandır. Beləliklə, azərbaycançılıq ideologiyası xalqın etnik mənşəyi, dini mənsubiyyəti və ümumbəşəri mahiyyəti üzərində formalaşıb. Lakin bu etnoqrafik məzmunlu anlayışın siyasi-ideoloji amilə çevrilməsi uzun əsrlər çəkib. Məsələn, biz azərbaycançılıq ideologiyasının etnoqrafik köklərini “Dədə Qorqud” eposunda da görürük. Burada söhbət türklərdən gedir, İslam uğrunda mübarizə aparılır və Dədə Qorqud cəmiyyəti dünyanın ayrılmaz tərkib hissəsi kimi təqdim olunur".
Akademik nəzərə çatdırdı ki, azərbaycançılıq ideologiyasının köklərini Nizami Gəncəvinin yaradıcılığında da görmək mümkündür:
"Nizami Gəncəvidə türklük anlayışı çox güclüdür. Onun “Xəmsə”sində “türk” sözü yüz dəfədən çox işlənir. Nizami gözəllik, həqiqət, doğruluq və dürüstlük kimi xüsusiyyətləri türk anlayışı ilə əlaqələndirir. Gözəl olanı türk, gözəlliyin məkanı kimi təsvir etdiyi yeri isə Türküstan adlandırır. Bu mənada Nizami Gəncəvinin yaradıcılığında türklük siyasi-ideoloji məzmun daşımasa da, etnoqrafik baxımdan kifayət qədər zəngindir. Hətta bəzi məqamlarda bu xüsusiyyətlər “Dədə Qorqud” eposundakından da güclü görünür. Halbuki “Dədə Qorqud” türkcə, Nizami Gəncəvinin əsərləri isə fars dilində yazılıb.
İslam amili də aydındır. Nizami Gəncəvi böyük müsəlman olub və İslam dininin xüsusiyyətlərini yaradıcılığında təbliğ edib. O, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən sənətkardır. Nizaminin həqiqət axtaran qəhrəmanının Makedoniyalı İsgəndər olması da təsadüfi deyil. Şair bəzi məqamlarda Makedoniyalı İsgəndəri yunan obrazında təqdim etsə də, ona türk xüsusiyyətləri də aid edir. Sonrakı dövrlərdə də Azərbaycan bu üç əlaməti özündə daşıyıb. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllərində azərbaycançılıq artıq ideologiya kimi Azərbaycanda geniş inkişaf etməyə başlayıb. Bu proses Mirzə Fətəli Axundzadədən başlayaraq, xüsusilə Əli bəy Hüseynzadənin yaradıcılığında daha aydın görünür. Əli bəy Hüseynzadədə azərbaycançılığın türklük tərəfi xüsusilə inkişaf edib. Çünki o, eyni zamanda türklüyün ideoloqlarından biri idi. Həmin dövrdə Azərbaycanın türk dünyasının tərkib hissəsi olması məsələsi geniş müzakirə olunurdu. Buna görə də türklük anlayışının azərbaycançılıq daxilində ön plana çıxması təbii idi".
Müsahibimiz həmçinin vurğuladı ki, müsəlmanlıq anlayışı da həmin dövrdə tədricən ideoloji və xurafatçı məzmundan uzaqlaşaraq maarifçilik istiqamətində inkişaf etməyə başlayırdı:
"Bu istiqamət də eyni dərəcədə güclənirdi. Bütün bunlar azərbaycançılığın tərkib hissələridir. Həmin dövrdə xalqımızın adını bir çox hallarda müsəlman kimi çəkir, türk sözünü isə dilə gətirmirdilər. Ümumbəşəri dəyərlər də Azərbaycanda həmişə güclü olub. Beləliklə, XIX əsrin sonu, XX əsrin əvvəllərində azərbaycançılıq ideologiyasının daxilində müəyyən ziddiyyətlər meydana çıxırdı. Bu nə deməkdir? Bəzən türklük güclənərək İslamdan və müasirlikdən, ümumbəşəri dəyərlərdən önə keçirdi. Bəzən İslam amili türklükdən, ümumbəşərilikdən və müasirlikdən üstün mövqeyə çıxırdı. Bəzi hallarda isə ümumbəşərilik və müasirlik türklükdən, müsəlmanlıqdan daha çox ön plana keçirdi. Azərbaycançılıq ideologiyasının ideologiya kimi formalaşdığı ilk illərdə belə ziddiyyətlər mövcud olub. Bunu paradoksallıq da adlandırmaq olar. Mirzə Cəlil Məmmədquluzadə də bu xüsusiyyətləri öz yaradıcılığında ən yaxşı şəkildə ifadə edib.
Ən böyük problemlərimizdən biri də budur: azərbaycançılıq ideologiyası daxilində türklük, müsəlmanlıq və müasirlik bir-birini tənzimləməlidir. Onlardan heç biri digərindən həddindən artıq üstün olmamalıdır. Əks halda, bu, artıq azərbaycançılıq anlayışından uzaqlaşır və başqa xüsusiyyətlər meydana çıxır. Nəticədə ciddi problemlərlə üzləşirik. Buna görə də həmin balans daim qorunmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq inkişaf etdi. Sovet dövründə isə bu ideologiya müəyyən mənada deqradasiyaya uğradı. Azərbaycan adı qorunub saxlanıldı, hətta türk sözündən imtina edilərək Azərbaycan adı qəbul olundu. Lakin azərbaycançılığın daxilində nə türklük, nə İslam, nə də geniş mənada müasirlik və ümumbəşərilik lazımi səviyyədə təmsil olunurdu. Biz SSRİ və sovet ideologiyası ilə kifayətlənirdik, onun təsiri daha güclü idi. Beləliklə, formal olaraq azərbaycançılıq mövcud olsa da, onun əsas məzmunu zəifləmişdi. Bu deqradasiya və ideoloji parçalanma prosesi müstəqillik illərində aradan qalxmağa başladı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan azərbaycançılıq ideologiyası yenidən canlandırıldı. Bu dəfə isə o, Azərbaycan dövlətinin ideoloji əsaslarını müəyyənləşdirən davamlı bir xəttə çevrildi. Beləliklə, “Azərbaycançılıq ideologiyası bizə niyə lazımdır?” sualına cavab verərkən deyə bilərik ki, azərbaycançılıq bu xalqın xarakteri, özünüifadəsi və pasportudur".
N.Cəfərovun sözlərinə görə, imperialist münasibətlər heç vaxt bu ideologiyanın lazımi şəkildə inkişaf etməsinə imkan verməyib. Ancaq azərbaycançılıq bu xalqın özüdür. Müstəqillik əldə edilən kimi bu ideologiya da yenidən ön plana çıxdı.
"Çünki müstəqilliyin təməlində məhz bu ideologiya dayanır. Əgər azərbaycançılıq ideologiyası yoxdursa, Allah eləməsin, Azərbaycan dövlətinin siyasi və ideoloji müstəqilliyi də təhlükə altına düşər. Ona görə də azərbaycançılıq bizə yalnız öz ideologiyamızın olması ilə fəxr etmək üçün lazım deyil. Bu ideologiya Azərbaycan xalqının və dövlətinin müstəqil şəkildə mövcud olması üçün vacibdir. Azərbaycançılıq ideologiyası ilə bağlı Bakıda bu günlərdə keçirilən Mədəniyyətlərarası Dialoq Konfransında, deyəsən, 12-ci konfrans idi, Azərbaycan Prezidenti bu ideologiya haqqında çox mükəmməl fikirlər səsləndirdi. Doğrudan da, biz müstəqillik illərində azərbaycançılıq ideologiyasını xeyli inkişaf etdirmiş və möhkəmləndirmişik. Bu gün Azərbaycanı daxildən heç bir təhdid və təhlükə gözləmir. Cənab Prezident bunu tamamilə doğru olaraq vurğuladı. Yalnız xaricdən müəyyən təhlükələr mövcuddur ki, bu da dünyada baş verən mürəkkəb hadisələrlə bağlıdır. Azərbaycan isə bu təhlükələrin qarşısında qürurla dayanır.
Özünün iqtisadi, sosial-mənəvi imkanları, siyasi-ideoloji gücü, müstəqillik dövründə qazandığı saysız-hesabsız uğurları və zəfərləri, ərazi bütövlüyünün müdafiəsi ilə azərbaycançılıq ideologiyasını daha da möhkəmləndirir. Ərazi bütövlüyümüz uğrunda qazandığımız zəfər azərbaycançılıq ideologiyasının möhkəmlənməsi və inkişafı üçün əvəzsiz nemətdir. Bu zəfər yalnız hərbi, fiziki, coğrafi və siyasi hadisə deyil, həm də çox ciddi ideoloji hadisədir. O, düşüncə və təfəkkür tariximizdə milliləşdirici rol oynayan, milli heysiyyətimizi qoruyan və milli birliyimizi təmin edən hadisədir. Bunu ayrıca qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır və onlar azərbaycançılıq ideologiyası əsasında sıx birləşiblər. Ərazi bütövlüyümüz uğrunda qazandığımız möhtəşəm zəfər Azərbaycanda çox güclü etnik birliyin mövcud olduğunu da göstərdi. Bu, bizim üçün böyük nailiyyətdir və azərbaycançılıq ideologiyasının xalqımıza qazandırdığı dəyərlərdən biridir. Bu ideologiya xalqımızın mütəşəkkilliyini təmin edən əsas amillərdəndir", - deyə akademik yekunlaşdırdı.
NURİYYƏ













