“Azərbaycançılıq ölkəmizin bütövlüyünü qoruyan ideologiyadır” - Fəzail İbrahimli
"Hər bir millətin tarixən öz ideologiyası olub, bu gün də var, gələcəkdə də olacaq. Milli ideologiya yalnız millətin olmadığı cəmiyyətlərdə mövcud deyil. Məsələn, Amerikada amerikalılar var, amma vahid etnik millət anlayışı yoxdur. Fransızların isə öz milli ideologiyası var. Tarixən yaranmış bütün dövlətlərin və cəmiyyətlərin müstəqil ideologiyası olub. Bu ideologiya müsbət də ola bilər, mənfi də".
Bu fikirləri Redaktor.az-a açıqlamasında tarixçi alim, deputat Fəzail İbrahimli səsləndirdi.
O, tarixə nəzər salaraq faşist Almaniyası və Sovet İttifaqını nümunə göstərdi:
"Faşist Almaniyasının ideologiyası nə idi? Faşizm, üstün irq ideologiyası. Almaniya bu ideologiya əsasında səfərbər edilmişdi. Əgər Hitler müharibədə qalib gəlsəydi, digər xalqlar üçün böyük faciələrə səbəb olmaqla yanaşı, alman xalqını dünyanın ən qüdrətli xalqına, Almaniyanı isə dünya imperiyasına çevirməyə çalışacaqdı. Alman xalqının Hitler kimi bir liderin ətrafında səfərbər olması həmin ideologiyanın gücünü göstərirdi.
Digər misal isə 70 il ərzində dünyanın ən böyük imperiyalarından biri olmuş Sovet İttifaqıdır. SSRİ-nin ideologiyası sosializm və kommunizm idi. Marks və Engelsin ideyaları rus mühitinə gətirildi, lakin sonradan ciddi şəkildə təhrif olundu. Lenin bu ideyalar əsasında yeni bolşevizm ideologiyası formalaşdırdı. Sosializm və kommunizm ideologiyası üzərində qurulan bu sistem dünyanın ən böyük imperiyalarından birinə çevrildi".
Millət vəkili faşizm və kommunizm ideologiyalarının qarşıdurmasına da toxundu:
"1930-cu illərdə faşizmlə kommunizmin toqquşması da baş verdi. Çünki hər iki ideologiya dünya üçün ciddi təhlükə yaradırdı. Faşizm silah gücü ilə dünyanı özünə tabe etmək istəyirdi. Kommunizm isə gec-tez bütün xalqların bu ideologiyanı qəbul edəcəyini, həmin quruluşa keçəcəyini iddia edirdi. Nəticədə dünyanın böyük dövlətləri bu ideologiyaların toqquşmasına şahid oldu. Faşizm məğlub edildi, kommunizm ideologiyası isə bir müddət daha gücləndi. Lakin kommunizm də cəmi 70 il yaşadı və süquta uğradı".
F.İbrahimli bildirdi ki, kommunizmin süqutundan sonra yaranan müstəqil dövlətlərdən biri də Azərbaycan oldu və ölkəmizin əsas ideoloji dayağı azərbaycançılıqdır:
"Nəticədə yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərdən biri də Azərbaycan oldu. Bu gün azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin əsas dayaqlarından biridir. Bunu belə təsəvvür edin: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, bütün xalqların söykənə biləcəyi vahid ideologiya azərbaycançılıqdır".
Deputat bu ideologiyanın dövlət səviyyəsində formalaşdırılması və milli ideologiyaya çevrilməsinin bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı:
"Azərbaycan adı dövlətimizin və xalqımızın adı idi, lakin onun vahid milli ideologiyaya çevrilməsi Heydər Əliyevin rəhbərliyi dövründə baş verdi. Bu, çox vacib bir proses idi. XX əsrin sonlarında, xüsusilə 1990-cı illərdə müstəqil Azərbaycan dövlətinin başı üzərində ciddi təhlükələr dolaşırdı. Bir tərəfdən Talış-Muğan Respublikası elan edilmişdi, digər tərəfdən Sadval təşkilatı fəallaşmışdı. Müxtəlif etnik qrupların və milli azlıqların nümayəndələri vahid ideologiya ətrafında birləşməli idilər. Buna görə də azərbaycançılıq ideologiyası bu gün Azərbaycanın bütövlüyünə xidmət edir. Azərbaycanın dünya dövlətləri arasında vahid və monolit dövlət kimi mövcudluğunu təmin edən amillərdən biri də məhz bu ideologiyadır".
Fəzail İbrahimli İkinci Qarabağ müharibəsi zamanı xalqın nümayiş etdirdiyi birliyin də azərbaycançılıq ideologiyasına söykəndiyini qeyd etdi:
"Təsəvvür edək ki, İkinci Qarabağ müharibəsi dövründə xalqımızın monolitliyi qələbənin əldə olunmasına şərait yaradan əsas amillərdən biri idi. Həmin birliyin təməlində vahid ideologiya – azərbaycançılıq dayanırdı. Hər kəs Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün birləşmişdi. Çünki ermənilər üçün azərbaycanlıların hansı etnik qrupa mənsub olmasının fərqi yox idi. Talış, kürd, udin və ya başqa etnik qrupa mənsub olmasından asılı olmayaraq, Azərbaycan ərazisində yaşayan insanlar azərbaycanlı kimliyi ilə hədəfə alınırdılar".
Deputat əlavə etdi ki, Azərbaycanın çoxmillətli və tolerant cəmiyyətində yaşayan bütün xalqların nümayəndələrini birləşdirən əsas ideoloji xətt azərbaycançılıqdır:
"Digər tərəfdən, Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlmanlar da yaşayır. Yəhudilər, ruslar və başqa xalqların nümayəndələri ölkəmizin çoxmillətli və tolerant cəmiyyətinin tərkib hissəsidir. Bütün bu müxtəlifliyin daxilində isə vahid ideologiya mövcuddur. Bu, azərbaycançılıq ideologiyasıdır. O, dövləti qoruyan, yaşadan və bütün xalqların, etnik qrupların söykənə biləcəyi ideoloji əsasdır".
Professor Azərbaycanın mürəkkəb geosiyasi mövqeyinin də milli ideologiyanın qorunmasını zəruri etdiyini bildirdi:
"Azərbaycanın tarixən mürəkkəb geosiyasi mövqeyi, böyük dövlətlərin ölkəmizə marağı və bu maraqların arxasındakı gizli niyyətlər qarşısında güclü olmaq zərurəti belə bir ideologiyanın qorunmasını tələb edir. Diqqət yetirin, dilimizə, dinimizə, ədəbiyyatımıza və tariximizə nə qədər müdaxilələr olub. Şairlərimizə, tarixi şəxsiyyətlərimizə qarşı nə qədər böhtan və qarayaxma kampaniyaları aparılıb".
Fəzail İbrahimli bütün bunların arxasında milli birliyi parçalamaq cəhdlərinin dayandığını söylədi:
"Bütün bunların arxasında milli birliyi parçalamaq, insanları bir-birinə qarşı qoymaq, Azərbaycanı etnik qruplara bölmək və bu parçalanma üzərində öz ideologiyasını bərqərar etmək cəhdləri dayanır. Məhz belə bir şəraitdə vahid ideologiyaya – azərbaycançılıq ideologiyasına böyük ehtiyac var. Bu ideologiya dünən də olub, bu gün də var və sabah da xalqın, millətin bütövlüyünü təmin edən əsas amillərdən biri olaraq qalacaq".
NURİYYƏ













