"Azərbaycançılıq hamımızı birləşdirən vahid ideologiya kimi daim möhkəmləndirilməlidir" - Musa Qasımlı
"Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, formalaşdırılmış və özündə vahid xalq, vahid vətən, vahid bayraq və vahid dövlət anlayışlarını ehtiva edən azərbaycançılıq ideologiyası güclü Azərbaycan dövləti, bir-birinə qucaq açaraq yaşayan yenilməz, qüdrətli Azərbaycan xalqı deməkdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı səsləndirdi.
Vitse-spiker vurğuladı ki, azərbaycançılıq ideologiyası hər hansı mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarını bərabər əsasda, sarsılmaz qardaşlıq ruhunda tək vətəndə, tək bayraq altında güclü dövlətdə birləşdirir.
"Bu ideologiya dünyanın müxtəlif ölkələrində yaşayan və qəlbi müstəqil Azərbaycanla döyünən soydaşlarımızı da vahid amal ətrafında sıx toplayır. Məhz azərbaycançılıq ideologiyasının əsasında Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər Azərbaycan vətəndaşları, uca xalqımızın qəhrəman oğulları tariximizin ən böyük strateqi, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında qürur mənbəyimiz olan müqəddəs bayrağımız və güvənc yerimiz olan qüdrətli dövlətimizin ətrafında birləşərək, çiyin-çiyinə addımlayaraq torpaqlarımızı düşmən işğalından azad etdilər. Qazanılan tarixi zəfər qardaşlığımızı, birliyimizi daha da möhkəmləndirdi.
Xalqımızın gələcəkdə də qarşısına qoyduğu hədəflərinə çatmasının təməlində azərbaycançılıq ideologiyası, güclü dövlətimiz, qüdrətli dövlət rəhbərimiz, xalqımızın daim dövlətimizin yanında dayanması, təbii sabitlik və xalqımızı hədəflərinə çatdıran, üstündəki ləkəni silən, başını uca edən siyasətin davam etdirilməsi dayanır. Ona görə də azərbaycançılıq hamımızı birləşdirən vahid ideologiya kimi daim möhkəmləndirilməlidir", - deyə Musa Qasımlı fikrini yekunlaşdırdı.
NURİYYƏ













