İranda nüvə partlayışı olsa, radiasiya Azərbaycana çata bilər? - Hərbi ekspertdən XƏBƏRDARLIQ

 15:01 04.11.2026     187

İran vətəndaşlarına nüvə partlayışı və radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edərək 24 saat ərzində evdən çıxmamağı tövsiyə edib. Belə bir hadisənin baş verməsi halında radioaktiv çirklənmənin Azərbaycana yayılma ehtimalı nə qədərdir? Radiasiya buludunun ölkəmizə çatması hansı amillərdən asılıdır?

Bəs belə bir təhlükə yaranarsa, Azərbaycan əhalisi hansı təhlükəsizlik tədbirlərini görməlidir? İnsanlar radiasiyadan qorunmaq üçün nə etməli, hansı qaydalara əməl etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirdi ki, İran ərazisində nüvə partlayışı baş verəcəyi təqdirdə radiasiyanın Azərbaycana çatması ehtimalı ciddi şəkildə nəzərə alınmalıdır:

"Xüsusilə İranla həmsərhəd olan Azərbaycanın cənub rayonları potensial risk zonasına çevrilə bilər. Lakin burada vacib bir məqam var: nüvə partlayışının baş verməsi avtomatik olaraq Azərbaycanın radioaktiv çirklənməyə məruz qalması demək deyil. Təhlükənin miqyası partlayışın növündən, gücündən, baş verdiyi yerdən, küləyin istiqamətindən, atmosfer şəraitindən və radioaktiv maddələrin havaya nə qədər qalxmasından asılıdır. Əgər radioaktiv bulud Azərbaycana doğru hərəkət edərsə, əsas təhlükə radioaktiv hissəciklərin nəfəsalma, qida və su vasitəsilə orqanizmə daxil olmasıdır. Hadisə üç variantda baş verə bilər:

Birincisi, nüvə obyektinə hücum: Uran zənginləşdirmə müəssisəsinə və ya digər nüvə obyektinə hücum mütləq nüvə partlayışı demək deyil. Radioaktiv maddələrin ətraf mühitə yayılması obyektin növündən və zədələnmə dərəcəsindən asılıdır.

İkincisi, atom elektrik stansiyasında qəza: Reaktorun zədələnməsi nəticəsində radioaktiv maddələr atmosferə yayıla bilər. Bu, nüvə silahı partlayışından fərqli hadisədir.

Üçüncüsü, nüvə silahının partladılması: Radioaktiv çöküntülər küləklə başqa ölkələrə daşına bilər. Partlayış yerüstü olarsa, radioaktiv toz və çöküntü təhlükəsi xüsusilə böyük olur".

Ekspertin sözlərinə görə, Azərbaycan üçün əsas risk küləyin radioaktiv buludu hansı istiqamətə daşımasıdır:

"İranın şimalında baş verən hadisə ilə cənubunda baş verən hadisənin Azərbaycana təsiri eyni olmayacaq. Bu baş verərsə, əhali nə etməlidir?

Birincisi, küçədəsinizsə, ən yaxın möhkəm binaya daxil olun. Mümkündürsə, zirzəmiyə və ya binanın orta hissəsinə keçin. Pəncərələrdən, damdan və xarici divarlardan uzaq durun.

İkincisi, qapı-pəncərələri kip bağlayın. Kondisioneri, çöl havasını içəri çəkən ventilyasiya sistemlərini söndürün. Evin içərisində hava dövranını minimuma endirin.

Üçüncüsü, çöldə olmusunuzsa, üst geyimlərinizi ehtiyatla çıxarın, silkələməyin və plastik torbaya qoyub ağzını bağlayın. Sonra duş qəbul edin, saçınızı adi şampunla yuyun, dərini sabun və su ilə təmizləyin. Təmiz paltar geyinin.

Dördüncüsü, bağlı qablaşdırmada olan su və ərzaqlara üstünlük verin. Açıq havada qalmış su, yağış suyu, nəzarətsiz süd, tərəvəz və meyvələrdən istifadə etməyin. Rəsmi göstərişlərə əməl edin.

Beşincisi, FHN-in, dövlət qurumlarının və rəsmi xəbər kanallarının məlumatlarını izləyin. Özbaşına təxliyəyə başlamayın. Təhlükəsiz marşrut və vaxt barədə göstərişləri gözləyin.

Mənim fikrimcə, İran ərazisində mümkün nüvə hadisəsi Azərbaycan üçün ciddi regional təhlükəsizlik məsələsidir. Lakin təhlükəni şişirtmək və əhali arasında panika yaratmaq da düzgün deyil. Əsas məsələ hadisə baş verərsə, radioaktiv buludun hərəkət istiqamətini, atmosferə atılan maddələrin tərkibini və radiasiya səviyyəsini operativ müəyyən etməkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən