"Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil" - Tibb işçisindən SƏRT AÇIQLAMA
“Numbeo” tədqiqat platforması ölkələrin səhiyyə indeksini açıqlayıb. Azərbaycan 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. 101 ölkə arasında Azərbaycan yalnız Monteneqro, Nigeriya, Misir, Albaniya, İraq, Mərakeş, Banqladeş, Venesuela və Suriyanı qabaqlayıb. Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə bütün qonşularından geri qalıb.
Bəs ölkəmizdə səhiyyənin inkşafını daha da yaxşılaşdırmaq üçün nələr etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb işçisi Aydın Əliyev təəssüflə bildirdi ki, bu statistikanın doğruluğunu qəbul etmək məcburiyyətindəyik:
"Çünki hamımız səhiyyəmizin hansı vəziyyətdə olduğunu bilirik. Ancaq səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər və digər tibb işçiləri deyil. Əsas problem səhiyyə siyasətinin düzgün qurulmaması, səhiyyə sahəsində prioritetlərin düzgün müəyyənləşdirilməməsi və həkimlərə diplom verən təhsil müəssisələrinin lazımi səviyyədə olmaması ilə bağlıdır. Əvvəllər, bilirsiniz ki, həkimlər təkmilləşdirmə institutunda bir-iki aylıq kurs keçərək ixtisaslarını dəyişirdilər. İndi yaxşı ki, rezidentura sistemi var. Ancaq bizdə rezidenturanın keyfiyyəti ilə bağlı ciddi suallar mövcuddur. Türkiyədə uzmanlıq təhsilini başa vuran mütəxəssislərlə bizim rezidenturanı bitirən mütəxəssislərin səviyyəsi, məncə, 90 faiz hallarda eyni deyil.
Düzdür, Türkiyədə də zəif təhsil müəssisələri var və orada uzmanlıq təhsili alıb gələnlərin hamısı yüksək səviyyəli mütəxəssis deyil. Heç bir sistem ideal deyil. Ancaq Türkiyədəki tibb təhsilinin əksər hallarda bizim rezidentura təhsilindən üstün olduğunu qəbul etməliyik. Digər tərəfdən, vaxtilə Tibb Universitetində çalışan müəllimlərin əksəriyyəti müxtəlif şəxsi əlaqələr, tanışlıq və qohumluq münasibətləri əsasında işə götürülürdü. Kiminsə bacısı, kiminsə həyat yoldaşı, hansısa məmurun qohumu və ya tanışı müəllim kimi universitetə gətirilirdi. Əvvəllər vəziyyət belə idi. Rüşvət və digər neqativ hallar da mövcud idi. Son vaxtlar vəziyyətin necə olduğunu dəqiq bilmirəm. Təbii ki, belə müəllimlər hansı səviyyədə dərs deyə bilərdilər? Onlar lazımi bilikləri tələbələrə ötürə bilmirdilər. Nəticədə də bu gün savadlılıq səviyyəsi ilə bağlı ciddi problemləri olan həkimlər yetişib".
Müsahibimiz vurğuladı ki, Azərbaycanda həkimlərin dəqiq statistikası barədə danışa bilməz, amma onların kifayət qədər böyük bir hissəsinin peşəkar hazırlığı ilə bağlı problemlər var:
"Ancaq bunu xüsusilə vurğulamaq istəyirəm: bu, onların günahı deyil, onlara diplom verən təhsil müəssisələrinin məsuliyyətidir. Əgər bir şəxs lazımi biliklərə yiyələnməyibsə, oxumayıbsa, ona diplom vermə. Sən ona diplom verməklə yanaşı, böyük səlahiyyət də verirsən. Sonra isə soruşursan ki, səhiyyə niyə bu vəziyyətdədir? Məsələyə kökündən yanaşmaq lazımdır, pərdənin arxasına baxmaq lazımdır. İnsanlarımız həkimlə, tibb bacısı ilə qarşılaşır, narazılığını onların üzərinə tökür. Ancaq bu, problemi həll etmir. Problemin kökündə qeyd etdiyim amillər dayanır.
Digər tərəfdən, bilirsiniz ki, həm dünyada, həm də Azərbaycanda onkoloji xəstəliklərin sayı kəskin şəkildə artıb. Bu xəstəliklər ölüm səbəbləri arasında ilk üçlükdə, yaxud dördlükdə yer alır. Azərbaycanda isə onkoloji xidmətin vəziyyəti çox bərbaddır. Məsələyə maddi baxımdan yanaşıram. Onkoloji xəstələrin müalicəsi əsasən öz vəsaitləri hesabına həyata keçirilir. Bu müalicələr olduqca bahalıdır və xəstələr böyük əziyyət çəkirlər. Bir tərəfdən xəstəliklə mübarizə aparırlar, digər tərəfdən bunun yaratdığı streslə üzləşirlər. Üstəlik, dərmanları almaqda çətinlik çəkirlər. Banklardan kredit götürür, borc alır, avtomobillərini, hətta evlərini satırlar. İnsanlar bu vəziyyətdə çox əziyyət çəkirlər. Onkoloji xəstəliklərin müalicəsi ən qısa zamanda icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməlidir. Bu məsələ mütləq və təcili şəkildə həll olunmalıdır. İnsanlar bu səbəbdən çox böyük əziyyət çəkirlər".
NURİYYƏ













