"Bolt" sürücüsü 20 km yol getdi, müştəri sonda “pulsuzdur” dedi - Şirkətdən AÇIQLAMA
"Bolt" taksi şirkəti sürücülərindən biri sosial şəbəkədə paylaşım edərək müştəri ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə, 20 kilometr yol qət edərək müştərini ünvana çatdırıb. Lakin sərnişin avtomobildən düşərkən gedişin onun üçün pulsuz olduğunu deyib.
Bəs belə hallarda sürücülər sifarişin pulsuz olduğu barədə əvvəlcədən məlumatlandırılırmı? Müştərinin gediş haqqı ödəmədiyi halda sürücünün zəhmət haqqı şirkət tərəfindən sonradan qarşılanırmı?
Mövzu ilə bağlı Redaktor.az-a "Bolt" şirkəti tərəfindən bildirildi ki, endirim sürücünün qazancına təsir göstərmir:
""Bolt" tərəfindən sərnişinə təqdim olunan hər hansı endirim sürücünün qazancına təsir göstərmir və tam şəkildə platforma tərəfindən qarşılanır. Məsələn, gedişin real dəyəri 7 manat olduğu halda sərnişinə 2 manat endirim tətbiq edilirsə, sürücü sərnişindən 5 manat qəbul edir, qalan 2 manat isə “Nağd endirimin kompensasiyası” kimi sürücünün "Bolt" hesabında əks olunur. Sürücü sifarişi qəbul etdikdən sonra gedişi platforma qaydalarına uyğun şəkildə yerinə yetirməlidir. Endirimli qiymət sürücünün faktiki qazancını azaltmadığı üçün bu səbəbdən gedişdən imtina etmək və ya sərnişindən sifarişi ləğv etməsini tələb etmək qəbuledilməzdir".
NURİYYƏ













