İnternet zəif işləyirsə, kompensasiya tələb edə bilərik? - AÇIQLAMA
Son dövrlər internet xidmətində yaranan fasilələrlə bağlı abonentlərin şikayətləri artır. Bəzi hallarda internet saatlarla, hətta günlərlə əlçatmaz olur. Buna baxmayaraq, abonentlər xidmətin göstərilmədiyi müddət üçün də aylıq ödəniş etməli olurlar.
Bəs internet kəsintilərinə görə abonentlərə kompensasiya ödənilməlidirmi? Provayderlər xidmət göstərmədikləri müddətin ödənişini geri qaytarmalıdırlar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, internet xidmətinin göstərilmədiyi müddət üçün abonentdən ödəniş tələb edilməsi iqtisadi və hüquqi baxımdan ədalətli yanaşma deyil:
"Çünki abonent aylıq ödənişi internetə çıxış əldə etmək, yəni müəyyən xidmət almaq üçün edir. Provayder isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda həmin müddətin pulunu da alırsa, bu, istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Əslində, internet kəsintilərinə görə kompensasiya mexanizminin tətbiqi zəruridir. Əgər texniki nasazlıq provayderdən qaynaqlanırsa və abonent bir neçə saat, yaxud gün ərzində xidmətdən istifadə edə bilmirsə, həmin müddətə uyğun ödəniş aylıq tarifdən çıxılmalı və ya abonentin hesabına geri qaytarılmalıdır. Uzunmüddətli və ciddi fasilələr zamanı isə əlavə kompensasiya mexanizmi də nəzərdə tutula bilər".

Müsahibimiz əsas məsələnin provayderlərin məsuliyyəti yalnız internetin bərpası ilə məhdudlaşmaması olduğunu bildirdi:
"Xidmətin keyfiyyətinə, fasiləsizliyinə və müqavilə şərtlərinə əməl olunmasına görə də real məsuliyyət müəyyənləşdirilməlidir. Əks halda abonent internetdən istifadə edə bilmədiyi halda belə ödəniş etmək məcburiyyətində qalır, provayder isə xidmətin göstərilməməsindən heç bir maliyyə itkisi yaşamır. Bununla yanaşı, kompensasiya qaydaları aydın və vahid olmalıdır. Fasilənin səbəbi, müddəti və provayderin məsuliyyət dərəcəsi müəyyən edilməli, abonentin hər dəfə uzun-uzadı şikayət etməsinə ehtiyac qalmadan ödəniş avtomatik yenidən hesablanmalıdır. İnternet artıq lüks deyil, təhsil, iş, sahibkarlıq və gündəlik həyat üçün zəruri infrastrukturdur. Ona görə də xidmət göstərilmədiyi halda pulun tutulması normal kommersiya münasibəti hesab edilə bilməz".
NURİYYƏ













