"Mahnılarımla xalqımızın ruh yüksəkliyinə töhfə verməyə çalışmışam" - Şəmistan Əlizamanlı
"8 Noyabr mənim üçün unudulmaz bir gün idi. Ordumuz uzun illərdən sonra işğal altında olan torpaqlarımızı azad etmişdi. Mən də bütün xalqımız kimi həmin gün böyük sevinc və qürur hissi keçirirdim. Nəhayət, illərdir həsrətində olduğumuz, hər bir azərbaycanlının ürəyində yaşatdığı arzu gerçəkləşmişdi. Ordumuz öz gücü, qəhrəmanlığı və əzmi ilə böyük Zəfəri təmin etmişdi".
Bunu Redaktor.az-a Azərbaycanın tanınmış hərbi-vətənpərvərlik mahnıları ifaçısı və diktoru Şəmistan Əlizamanlı 8 Noyabr - Zəfər Günündən danışarkən bildirdi.
"Mən də bir Azərbaycan vətəndaşı və sənətçi kimi torpaqlarımızın işğaldan azad olunması üçün əlimdən gələni etməyə çalışmışam. İmkanım daxilində mahnılarımla, yaradıcılığımla, fəaliyyətimlə xalqımızın ruh yüksəkliyinə töhfə verməyə çalışmışam. Çünki düşünürəm ki, hər bir insan öz peşəsi və bacarığı ilə Vətəninə xidmət etməlidir. Sənət adamının da bu məqamda üzərinə düşən mənəvi məsuliyyəti var. Şükürlər olsun ki, illərlə gözlədiyimiz, arzuladığımız o möhtəşəm gün gəlib çatdı. Bu Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının nəticəsidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların fədakarlığını heç vaxt unutmamalıyıq. Bu gün azad torpaqlarımızda dalğalanan bayrağımız hər birimiz üçün böyük qürur mənbəyidir", - deyə o, fikrini yekunlaşdırdı.
Xədicə BAXIŞLI













