Doğma kəndi uğrunda döyüşən qazi jurnalist: "Mərmi yanımda partladı, qulağımdan qan gəlirdi, amma..."

 16:48 06.11.2026     167

"Artıq 6 ildir ki, Qarabağı işğaldan azad etmişik. Bu, tərifolunmaz hisslərdir. Vətən müharibəsindən əvvəl hər bir azərbaycanlının ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Bu arzu Qarabağ sakinləri üçün isə tamam başqa məna daşıyırdı. Mən özüm də məcburi köçkün olmuşam. Ona görə də bizim üçün bu məsələnin əhəmiyyəti ikiqat idi".

Bu sözləri Redaktor.az-a Vətən müharibəsi iştirakçısı, jurnalist Məğrur Əli Polad 44 günlük müharibədəki döyüş yolundan danışarkən bildirdi.

O vurğuladı ki, əslində, İkinci Qarabağ müharibəsinin başlanğıcı 2020-ci ilin iyul döyüşlərinə təsadüf edir:

"Milli Qəhrəman, general-mayor Polad Həşimovla bir yerdə qulluq etmişik. Onun və silahdaşlarının şəhid olmasından sonra artıq səbir kasamız daşmışdı, bıçaq sümüyə dirənmişdi. Sentyabrın 27-də ön xətdə yerləşən artilleriya bölməsinin zabiti kimi mən də mövqeyimi tutdum. Səhər saat 7-də isə atəş əmri verildi. Beləcə, Vətən müharibəsi başladı.

Mən və silahdaşlarım Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mövqe tutmuşduq. Ardınca Cəbrayıl, Hadrut, Tuğ, Qubadlı və Şuşa istiqamətlərində döyüş yolum davam etdi. Müharibə həyatını, oradakı vəziyyəti, şəraiti və keçirdiyimiz hissləri ifadə etmək çox çətindir. Dünyanın ən yaxşı qələm sahibi olsan belə, bunları sözlə təsvir etmək mümkün deyil. Elə bil illərlə gözlədiyimiz məqamda idik.

Mən əslən Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindənəm. Orada doğulub böyümüşəm. Kəndimiz 1993-cü ildə işğal olunub. Kəndimiz işğal edilsə də, onun sevgisi və xəyalı ilə yaşamışıq, doğma torpaqlarımıza qayıtmağı gözləmişik. Elə oldu ki, öz kəndimiz istiqamətində gedən döyüşlərdə də iştirak etdim. Böyük xoşbəxtlikdir ki, kəndimizin işğaldan azad olunmasında mənim də əməyim var.

Müharibə elə bir şəraitdir ki, adi vaxtlarda bizə dəhşətli görünən yaralar orada adi hal alırdı. İstər mən, istərsə də digər hərbçi yoldaşlarım, adətən, o qədər də ciddi olmayan yaralarımızı dilə gətirmirdik. Ayaq üstə dura biliriksə, yıxılmırıqsa, döyüşə davam edə biliriksə, özümüzü yaralı hesab etmirdik".

Müsahibimiz bildirdi ki, onun yanında mərmi partlayıb və kontuziya keçirib:

"Eyni zamanda, dizimdən də yaralanmışdım. Partlayışdan bir neçə saat sonra ayıldım. Qulağımdan qan gəlirdi. Baxdım ki, vəziyyətim o qədər də ciddi deyil. Ona görə də bunu bildirmədim və döyüşü davam etdirdim".

NURİYYƏ

2222
Vumart və Güvən reklamı Vumart Güvən