“Radio insanlarla yol yoldaşı olmaqdır” - Raqif Raufoğlu

 17:11 06.11.2026     93

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan radiosunun 100 illik yubileyi qeyd olunur.

Bəs radioda çalışan biri üçün radio nə deməkdir və bu sahənin çətinlikləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan radio aparıcısı Raqif Raufoğlu bildirdi ki, radio onun üçün sadəcə iş yeri deyil:

"Eyni zamanda, illər ərzində formalaşmağıma kömək edən bir mexanizm və milyonlarla insana çatmaq üçün çox ciddi tribunadır. Biz də üzərimizə düşən məsuliyyəti dərk edərək illərdir dinləyicilərlə, belə demək mümkündürsə, yol yoldaşı oluruq. Burada müxtəlif formatlarda verilişlərim olub. Səhər efirinin tamamilə fərqli ab-havası var. Axşam saatlarında yayımlanan hazırkı “Master Klass” verilişi isə tamam başqa formatdadır. Amma hər birinin özünəməxsus yükü və məsuliyyəti var".

Müsahibimiz qeyd etdi ki, radio dinləyiciyə böyük əhval-ruhiyyə ötürür:

"Xüsusilə də gündəmlə bağlı məsələlərdə bunu aydın görürük. Bu illər ərzində həm çoxlu pis xəbərlər, həm də şükürlər olsun ki, xoş xəbərlər, qələbə xəbərləri almışıq. Bütün bunları radioda insanlarla eyni anda yaşamış, hisslərimizi və düşüncələrimizi onlarla bölüşmüşük. Bu baxımdan bəzən emosiyaları idarə etmək də lazım gəlir. Axı aparıcı da insandır və onun da müəyyən emosional reaksiyaları olur. Amma peşəkarlıq tələb edir ki, aparıcının şəxsi həyatı və hissləri efirdə əks olunmasın. Məsələn, səhər efirinin öz formatı var. Sənin şəxsi həyatında hansı problem yaşanmasından asılı olmayaraq, bunu dinləyiciyə hiss etdirməməlisən. Verilişin formatına uyğun davranmalı, dinləyicilərin səni görmək istədiyi kimi efirə çıxmalısan. Amma ən vacib məqam insanlarla səmimiyyətdir. Düşünürəm ki, dinləyicilərin sevgisinin təməlində də məhz bu dayanır".

Aparıcı Milli radioda çalışdığına görə Azərbaycanın mənəvi dəyərlərinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı:

"Məsələn, hər gün efirdə hansısa sənətkarımızın doğum və ya anım gününü qeyd edir, onun yaradıcılığından danışırıq. Bunu özümüzə mənəvi borc bilirik. Bəlkə də həmin sənətkarların ən yaxınları belə artıq həyatda deyil və ya ölkəmizdə yaşamırlar. Amma onlar Azərbaycanın mənəvi sərvətidir. Biz də bu sərvəti yaşatmağı, xatırlatmağı və qeyd etməyi öz borcumuz hesab edirik".

Raqif Raufoğlu qeyd etdi ki, radio aparıcıdan ciddi mütaliə və bilik tələb edir:

"Əgər aparıcının mütaliəsi yoxdursa, o, tədricən efirdə bayağılaşır. Bunu peşəkar dinləyici də hiss edir. Bütün bunlara görə düşünürəm ki, sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə radionun əvvəlki aktuallığını itirdiyi fikri doğru deyil. Əksinə, sosial şəbəkələrdəki məlumatlar və müzakirə mövzuları bu gün radio efirinə də daşınır. Radio canlı yayım imkanına malik olduğu üçün daha operativdir. Bu baxımdan onun məsuliyyəti də daha böyükdür".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən