"Şuşaya daxil olan beş tankdan birində olmaq mənim üçün böyük qürur idi" - Qazimizdən XATİRƏLƏR

 17:00 06.11.2026     168

"Bizim üçün Zəfərin altıncı ilini qeyd etmək, bu tarixin bir parçası olmaq, Vətən müharibəsinin iştirakçısı kimi qələbədə pay sahibi olmaq ən böyük şərəfdir. Müharibədə iştirak etməyim Azərbaycan naminə mənim üçün böyük qürur olub".

Bu sözləri Redaktor.az-a 8 Noyabr - Zəfər Günü ilə bağlı danışan Vətən müharibəsində könüllü şəkildə döyüşlərə qatılan, Şuşa döyüşlərində ağır yaralanan qəhrəman qazimiz, gizir Ramin Şirinov dedi.

"Bizi sevindirən məqamlardan biri də odur ki, Prezidentimiz oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayında çox gözəl bir fikir səsləndirdi. Bildirdi ki, bu, Azərbaycanın suverenliyini bərpa etdikdən sonra keçirilən ilk qurultaydır. Bu, hər bir azərbaycanlı, hər bir döyüşçü və Azərbaycanı sevən insan üçün, necə deyərlər, böyük şərəfdir. Şəhidlərin qanı, qazilərin yaraları, Azərbaycan əsgərinin tökdüyü tər hesabına qazanılan qələbəni qoruyub saxlamaq bundan sonra hər bir azərbaycanlının borcudur. Çünki bu qələbə asanlıqla əldə edilməyib ki, onu qorumaq da asan olsun. Onu hər zaman qorumaq bizim borcumuzdur. Dövlətimizin və dövlətçiliyimizin bizə göstərdiyi münasibəti gördükcə daha da fərəhlənir, sevinirik. Xalqımıza belə bir Zəfər yaraşır. Bu gün Zəfərimizi qeyd etmək bizim üçün böyük qürurdur", - deyə o əlavə etdi.

Qazi 6 ildə qazandıqlarımızdan da bəhs etdi:

"Zəfərdən sonra Qarabağda baş verən dirçəliş, ordumuzun günü-gündən modernləşdirilməsi, iqtisadiyyatımızın inkişafı və bütün dünyanın bizə münasibəti bir daha əldə etdiyimiz uğurların göstəricisidir. Mənim üçün Şuşa, ümumiyyətlə, Qarabağ böyük bir dastan idi. Çünki biz təkcə Qarabağı azad etmədik. Soydaşlarımızın vaxtilə bu torpaqlarda tökülən qanlarının, ruhlarının, hətta cəsədlərinin düşmən tapdağından azad olunmasına nail olduq. Xüsusilə Şuşa əməliyyatında iştirak etmək və Şuşaya daxil olan beş tankdan birində olmaq mənim üçün böyük qürur idi. Bizə verilən tapşırığa əsasən, Daşaltı istiqamətindən Şuşaya qalxdıq. Vəzifəmiz Şuşanın girişini qorumaq, Xankəndi və Daşaltı istiqamətindən şəhərə yaxınlaşan düşmən qüvvələrini məhv etmək idi. Bu tapşırığı da layiqincə yerinə yetirdik. Düzdür, müharibə itkisiz olmur. Böyüklərimizi itirdik, şəhidlər verdik. Ancaq bizə verilən tapşırığı layiqincə icra etdik. Düşmən ağır artilleriyadan və qadağan olunmuş silahlardan atəş açsa da, biz bütün mövqelərimizə yönələn atəşlərin qarşısını aldıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən