TRIPP layihəsində əsas işlərə nə vaxt başlanacaq? - AÇIQLAMA

 22:53 06.11.2026     78

Ermənistan hökuməti ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində yeni addımlar atır. Baş nazir Nikol Paşinyan layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi üçün hazırlıq işlərinə başlanıldığını açıqlayıb.

Bəs Zəngəzurda infrastruktur işləri nə vaxt başlayacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, TRIPP layihəsində əsas işləri ABŞ şirkətləri həyata keçirəcəklər. Onun sözlərinə görə, layihədə 74 faizlik pay ABŞ-yə məxsusdur və maliyyələşdirmənin əsas yükünü də ABŞ öz üzərinə götürməlidir:

"Bəyan edildiyinə görə, layihənin reallaşdırılması istiqamətində əsas fəaliyyətə 2027-ci ilin əvvəlində başlanmalıdır. Bəs buna nail olmaq mümkün olacaqmı? Xüsusilə aralıq seçkilərdən sonra Prezident Tramp əvvəlki enerji ilə bu layihəyə dəstək verəcəkmi? Bunu yaxın aylar göstərəcək".

Politoloq qeyd etdi ki, hələlik Ermənistan ilkin işlərə, yəni layihələndirmə mərhələsinə başlayıb:

"Bu işlər daha çox ABŞ-nin layihə üzrə fəaliyyətə başlaması üçün hazırlıq xarakteri daşıyır. Burada həm avtomobil və dəmir yollarının, həm də boru xətlərinin çəkilməsi nəzərdə tutulub. Eyni zamanda, elektrik xətlərinin çəkilməsi də planlaşdırılır".

O, həmçinin diqqətə çatdırdı ki, İran növbəti dəfə bu layihəyə qəti şəkildə etiraz edib:

"Ali dini rəhbərin müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib. Əvvəllər İran rəsmiləri Ermənistan hakimiyyətinə inandıqlarını bildirir, erməni tərəfinin onları əmin etdiyini və İran üçün təhlükə yarada biləcək heç bir hadisənin baş verməyəcəyini söyləyirdilər. Lakin bir neçə gün əvvəl Vilayəti bu məsələyə münasibət bildirərək kəskin etirazını ifadə etdi. O, bölgədə təhlükəsizliyi ya Rusiya ilə birlikdə İranın təmin edəcəyini, ya da Rusiyanın iştirakı olmadan İranın regionda təhlükəsizliyin əsas təminatçısı olduğunu bəyan etdi".

Abutalıb Səmədov Vilayətinin bəyanatında Rusiyanın regiondakı mövcudluğuna dair fikirlərinə də diqqət çəkdi:

"Vilayəti, həmçinin Ermənistanda müəyyən dairələrin, təbii ki, hakimiyyət nümayəndələrinin Rusiyanın artıq bölgədən çəkildiyini düşündüyünü, bunun isə yanlış yanaşma olduğunu bildirdi.

Bu bəyanat bir daha göstərdi ki, İran bundan sonra da layihənin reallaşmasına mane olmaq üçün əlindən gələni edəcək. Ermənistanın maliyyə problemləri də var. Buna görə də ölkənin ciddi addımlar atmaq imkanları məhduddur. Bununla belə, Paşinyan hökumətinin ilkin işlərə başlaması Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyan hadisədir. Ancaq bir daha qeyd etmək lazımdır ki, əsas işlərə 2027-ci ilin əvvəlində başlanmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən