"Başımızı dik tutaraq qürurla yaşayacağıq" - Deputat

 11:35 07.11.2026     39

"Zəfər Günü xalqımızın 30 il ərzində arzuladığı, uğrunda gecə-gündüz çalışdığı müqəddəs amalına çatdığı gün kimi tariximizə əbədi həkk olunub. Bu gün xalqımızın üzərindən məğlub xalq damğasının silindiyi, qalib xalq kimi öz tarixi kimliyini və gücünü bütün dünyaya nümayiş etdirdiyi gündür".

Bu fikirləri Redaktor.az-a Zəfər Günü haqqında danışan deputat Azər Badamov səsləndirdi. 

O vurğuladı ki, 8 Noyabr erməni işğalının xalqımıza vurduğu ağır zərbələrə, törədilən cinayətlərə qarşı ədalətin döyüş meydanında bərpa olunduğu tarixi gündür:

"Bu Zəfərin qazanılması üçün uzun illər ərzində böyük siyasi, iqtisadi, diplomatik və hərbi hazırlıq işləri aparıldı. İlk növbədə, ölkəmiz iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi. Beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyi ardıcıl şəkildə müdafiə olundu, Ermənistanın işğalçı dövlət olduğu dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Güclü ordu quruldu, gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə edildi. Cəmiyyətdə milli həmrəylik və birlik ruhu formalaşaraq vahid bir gücə – "Dəmir Yumruğa" çevrildi.

Məhz xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi bizi tarixi Zəfərə apardı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini, dövlətimizin gücünü və milli həmrəyliyimizi bütün dünyaya nümayiş etdirdi. Artıq altı ildir ki, torpaqlarımız işğaldan azaddır. Bu müddət ərzində biz təkcə hərbi Zəfərimizi deyil, həm də siyasi və diplomatik müstəvidə əldə etdiyimiz nəticələri möhkəmləndirmək istiqamətində mühüm addımlar atmışıq. Uzun illər münaqişə şəraitində yaşayan regionda sülh gündəliyinin formalaşdırılması Azərbaycanın təşəbbüsləri ilə yeni mərhələyə qədəm qoyub".

Millət vəkili nəzərə çatdırdı ki, Zəfərdən sonrakı altı il, eyni zamanda, böyük quruculuq və yaradıcılıq illəri olub:

"Bu gün işğaldan azad edilmiş ərazilərdə erməni işğalının yaratdığı xarabalıqların yerində yeni yollar, müasir şəhərlər və kəndlər salınır. Yaşayış məntəqələri yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıdırlar. Artıq onlarla yaşayış məntəqəsində bərpa və yenidənqurma işləri həyata keçirilib, on minlərlə insan doğma torpaqlarında yenidən məskunlaşaraq həyatını davam etdirir.

Hər il Zəfər Günü ərəfəsində dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərlər edir, yeni yaşayış məntəqələrinin açılışında iştirak edir, keçmiş məcburi köçkünlərlə görüşürlər. Ötən gün də Cəbrayıl rayonunun Soltanlı və Cahangirbəyli kəndlərinin açılışlarının edilməsi, sakinlərə yeni evlərin açarlarının təqdim olunması Böyük Qayıdış prosesinin davamlı xarakter aldığını göstərir. Dövlət başçımızın bu torpaqlara qalib ölkənin Prezidenti və Ali Baş Komandanı kimi səfər etməsi, doğma yurdlarına qayıdan sakinlərlə görüşməsi xalqımızda böyük qürur və sevinc hissi yaradır. Çünki bu gün həmin torpaqlarda həyat yenidən canlanır, illərlə həsrətində olduğumuz doğma yurdlarımız öz sakinlərinə qovuşur.
Biz yaradıcı və qurucu xalqıq. Biz yalnız müharibədə qalib gələn deyil, həm də sülh gündəliyi formalaşdıran, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verən xalqıq. Qarşımızda duran əsas vəzifələrdən biri əldə etdiyimiz Zəfəri möhkəmləndirmək, azad edilmiş əraziləri inkişaf etdirmək və gələcək nəsillərə güclü, təhlükəsiz və firavan Azərbaycan miras qoymaqdır. Əminəm ki, Vətənə və torpağa bağlılığımız, milli birliyimiz, dövlətçilik iradəmiz və quruculuq əzmimiz ölkəmizin qazandığı Zəfəri əbədi edəcək. Biz bundan sonra da yeni uğurlara imza atacaq, başımızı dik tutaraq qürurla yaşayacağıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən