“Dövlət Bayrağımız müstəqilliyimizin, milli birliyimizin və Zəfərimizin rəmzidir” - Deputat

 17:54 07.11.2026     114

"9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir".

 Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsini, milli kimliyini, müstəqil dövlət qurmaq əzmini və gələcəyə inamını özündə birləşdirən müqəddəs rəmzdir:

"Bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Dövlət Bayrağımız həm də xalqımızın keçdiyi mürəkkəb tarixi yolun, mübarizəsinin və qazandığı böyük nailiyyətlərin ifadəsidir.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri xalqımızın milli mənsubiyyətini, müasir dövlət quruculuğuna bağlılığını və mənəvi dəyərlərini əks etdirir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri bu rəmzin ideoloji əsasını təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız uzun illər dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın yaddaşında müstəqillik ideyasının ayrılmaz hissəsi olaraq yaşadı. Onun yenidən dövlət səviyyəsində ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Bu tarixi qərar Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolda mühüm siyasi və mənəvi hadisə oldu.

1991-ci il fevralın 5-də üçrəngli bayrağımızın Azərbaycanın Dövlət Bayrağı kimi yenidən qəbul edilməsi milli dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri idi. Həmin ilin oktyabrında dövlət müstəqilliyimizin bərpası ilə bayrağımız suveren Azərbaycanın əsas dövlət rəmzlərindən biri kimi öz layiqli yerini tutdu".

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli rəmzlərimizə göstərilən yüksək ehtiramın ifadəsidir: "Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması da dövlətçilik ənənələrimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Bu gün üçrəngli bayrağımızın mənəvi dəyəri tarixi Zəfərimizlə daha da yüksəlib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldıldı. Şuşada, Xankəndidə və digər ərazilərimizdə dalğalanan Dövlət Bayrağımız Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və xalqımızın sarsılmaz iradəsinin təcəssümünə çevrildi.

Xüsusilə qeyd edilməlidir ki, Dövlət Bayrağına hörmət yalnız bayram günləri ilə məhdudlaşmamalıdır. Bu rəmzin daşıdığı tarixi və mənəvi dəyərlərin gənc nəslə aşılanması hər birimizin vətəndaşlıq borcudur. Gənclərimiz bayrağımızın hansı mübarizələrdən keçərək bu günkü zirvəyə yüksəldiyini bilməli, dövlət müstəqilliyimizin və milli birliyimizin əhəmiyyətini dərindən dərk etməlidirlər.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.

Əminliklə demək olar ki, üçrəngli bayrağımız bundan sonra da müstəqil Azərbaycanın qüdrətinin, xalqımızın birliyinin və gələcək uğurlarımızın rəmzi kimi daim yüksəklərdə dalğalanacaq. Dövlət Bayrağı Günü hər birimizi milli dəyərlərimiz ətrafında daha sıx birləşdirən, Vətənə və dövlətə sədaqət hissimizi gücləndirən əlamətdar bayramdır".

Vumart və Güvən reklamı Vumart Güvən