Ucqar kəndlərdə müəllim və həkimlərə əlavə maaş verilsin - Akif Nəsirli
Milli Məclisin komitə sədri Zahid Oruc dağlıq və sərhəd kəndlərində yaşayan ailələr üçün kommunal güzəştlərin tətbiqini təklif edib. O bildirib ki, sərt iqlim şəraitində yerləşən kəndlərdə qaz və elektrik enerjisi üzrə istehlak limitləri ləğv edilməli, güzəştli tariflər tətbiq olunmalıdır. Həmçinin həmin ərazilərdə çalışan müəllim və həkimlər üçün əlavə ödəniş əmsallarının müəyyənləşdirilməsini təklif edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, dağlıq və sərhəd kəndlərində yaşayan əhali üçün kommunal güzəştlərin tətbiqi sosial baxımdan əsaslandırılmış təklifdir:
"Çünki bu ərazilərdə həyat şəraiti aran rayonlarından xeyli fərqlənir. Sərt iqlim şəraiti, uzun və soyuq qış mövsümü, nəqliyyat və infrastruktur problemləri insanların gündəlik xərclərini artırır. Xüsusilə qış aylarında həmin kəndlərdə qaz və elektrik enerjisinə tələbat daha yüksək olur. Belə vəziyyətdə bütün ölkə üzrə eyni istehlak limitlərinin tətbiqi sosial ədalət baxımından müəyyən problemlər yaradır. Ona görə də dağlıq və sərhəd kəndləri üçün fərqli kommunal tariflərin və ya artırılmış istehlak limitlərinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı.
Ancaq bu güzəştlər tətbiq edilərkən ilk növbədə meyarlar dəqiq müəyyənləşdirilməlidir. Hansı yaşayış məntəqələrinin dağlıq, sərhəd və sərt iqlim şəraitində yerləşməsi, orada qış mövsümünün müddəti, orta temperatur və kommunal istehlak səviyyəsi nəzərə alınmalıdır. Güzəştlər inzibati yanaşma ilə deyil, real yaşayış şəraiti və əhalinin sosial ehtiyacları əsasında müəyyən edilməlidir. Eyni zamanda, qaz və elektrik enerjisi üzrə limitlərin tamamilə ləğvi əvəzinə, mövsümi və diferensial limitlərin tətbiqi də daha səmərəli variant ola bilər".
Müsahibimiz əlavə etdi ki, həmin ərazilərdə çalışan müəllim və həkimlərə əlavə ödəniş əmsallarının verilməsini də vacib hesab edir:
"Çünki ucqar kəndlərdə ixtisaslı kadrların saxlanılması ciddi problemdir. Gənc müəllim və həkimlər yaşayış şəraiti, nəqliyyat çətinlikləri və məhdud sosial imkanlara görə belə ərazilərdə işləməyə həvəs göstərmirlər. Əlavə əməkhaqqı əmsalları onların həmin bölgələrdə işləməyə marağını artıra bilər. Bununla yanaşı, mənzil təminatı, yol xərclərinin kompensasiyası və digər sosial dəstək mexanizmləri də nəzərdən keçirilməlidir. Əsas məsələ bu təkliflərin sadəcə sosial təşəbbüs kimi səsləndirilməsi deyil, konkret dövlət proqramına çevrilməsidir. Bunun üçün müvafiq ərazilərin siyahısı hazırlanmalı, güzəştlərin büdcəyə maliyyə yükü hesablanmalı və mərhələli tətbiq mexanizmi müəyyənləşdirilməlidir. Belə tədbirlər həm həmin kəndlərdə yaşayan əhalinin sosial vəziyyətini yaxşılaşdıra, həm də sərhəd və ucqar yaşayış məntəqələrində məskunlaşmanın qorunmasına xidmət edə bilər".
NURİYYƏ













