Xəzər dənizini xilas etmək mümkündürmü? - Mütəxəssislər yol GÖSTƏRDİ
Hazırda Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. İqlim dəyişmələrinin yaratdığı ekoloji problemlərin müzakirə olunduğu belə bir platformada Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsi məsələsinin də beynəlxalq diqqətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Son illər Xəzər dənizinin səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur. Mütəxəssislər bu prosesin davam etməsinin dəniz ekosisteminə, sahilyanı ərazilərə, gəmiçiliyə və regionun iqtisadiyyatına ciddi zərər vura biləcəyi barədə xəbərdarlıq edirlər. Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı Xəzərin dayazlaşmasını dənizin ən ciddi problemlərindən biri kimi qiymətləndirib. Dövlət başçısı səviyyənin aşağı düşməsi prosesinin uzun illərdir davam etdiyini, lakin son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətləndiyini vurğulayıb. Onun sözlərinə görə, dənizin ümumi səthinin sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb.
Xəzərin dayazlaşması yalnız bir ölkənin səyləri ilə həll edilə biləcək problem deyil. Bu baxımdan, Xəzəryanı beş dövlətin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın birgə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib hesab olunur.
Bəs Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Xəzəryanı dövlətlər bu problemin həllinə necə töhfə verə bilərlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri Səid Səfərov dedi ki, bu, Xəzəryanı ölkələrdən tamamilə asılı olan məsələ deyil:
"İlk növbədə, qlobal istiləşmə ilə əlaqədardır. Belə ki, bunun nəticəsində dənizin səthindən buxarlanma getdikcə artır. Çayların üzərindəki su anbarlarında da buxarlanma prosesi güclənir. Digər mühüm amil antropogen təsirlərdir. Yəni sudan həddindən artıq çox istifadə olunur. Bu, həm kənd təsərrüfatı sahələrinin genişlənməsi, həm də əhalinin artması ilə əlaqədardır. Eyni zamanda, temperaturun yüksəlməsi kənd təsərrüfatı, sənaye və məişət ehtiyacları üçün daha çox su tələb olunmasına səbəb olur.

Beş Xəzəryanı ölkənin bu istiqamətdə görə biləcəyi əsas tədbir Xəzərə tökülən və ərazilərindən keçən çayların suyundan son dərəcə qənaətlə istifadə etmək, kənd təsərrüfatında müasir suvarma metodlarını tətbiq etməkdir. Suyu birbaşa sahələrə normadan artıq vermək əvəzinə, damcı suvarma və digər mütərəqqi üsullardan istifadə etməklə problemin qarşısını qismən almaq mümkündür. Qeyd edim ki, bu tədbirlər problemin tam həllini təmin edə bilməz, yalnız onun təsirlərini müəyyən qədər azalda bilər".
Məsələ ilə bağlı "Uğur" Maarifçilik İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Xəzər dənizinin səviyyəsinin azalması, Xəzəryanı beş ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın qarşısında duran ən ciddi ekoloji, iqtisadi və geosiyasi problemlərdən biri kimi qəbul edilməlidir. Onun sözlərinə görə, burada vacib bir məqam var: Xəzərin səviyyəsinin aşağı düşməsi təkcə Azərbaycanın problemi deyil və bunu yalnız Bakı bulvarının gələcəyi ilə əlaqələndirmək düzgün olmazdı:
Bu proses davam edərsə, ilk növbədə Bakı, Aktau, Türkmənbaşı və digər sahilyanı şəhərlərin infrastrukturu təhlükə altına düşə bilər, ikincsi, limanların fəaliyyəti, gəmiçilik və beynəlxalq yükdaşımalar çətinləşər, üçüncüsü, balıq ehtiyatları, xüsusilə nərə balıqları və onların kürütökmə məkanları zərər görə bilər, dördüncüsü, sahilyanı bataqlıqlar, deltalar və quşların yaşayış mühiti məhv ola bilər, beşincisi, neft-qaz infrastrukturu, sahilyanı sənaye və turizm əlavə xərclərlə üzləşər, altıncısı, dənizdən uzaqlaşan sahələrdə ekoloji problemlər, o cümlədən toz və duz fırtınaları yarana bilər. Bu məsələyə beş ölkənin birgə həyata keçirəcəyi uzunmüddətli regional proqram çərçivəsində yanaşmaq lazımdır. Əvvəlcə problemin əsas səbəblərini aradan qaldırmağa çalışmaq lazımdır".
.jpg)
Müsahibimiz nəzərə çatdırdı ki, Volqa və Ural çaylarının su rejiminə dair regional razılaşma olmalıdır:
"Rusiya, Qazaxıstan və digər Xəzəryanı ölkələr çayların su ehtiyatlarının idarə olunmasına dair xüsusi saziş imzalamalıdırlar. Daha sonra Xəzər üçün vahid elmi və monitorinq mərkəzi yaradılmalıdır. Beş ölkənin iştirakı ilə daimi fəaliyyət göstərən regional elmi mərkəz yaradılmalıdır. Xəzərə tökülən çayların deltaları bərpa edilməlidir. Çayların deltaları Xəzərin ekoloji tarazlığında mühüm rol oynayır. Xəzərin dayazlaşmasına qarşı ekoloji mühafizə zonaları yaradılmalıdır. Beş ölkə razılaşmalıdır ki, suyun səviyyəsi azaldıqca mühafizə olunan ərazilərin sərhədləri də dəyişdirilsin.Əslində bundan da çox işlər görülməlidir. Bununla bağlı xüsusi Xəzər proqramı yaradılmalıdır və proqramdan irəli gələn tələblərə vaxtında riayət olunmalı və nəzarət güclənməlidir. Təəssüf ki, Xəzərlə bağlı problemlər uzun illərdir ki, həllini tapmır".
NURİYYƏ
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.














