“Dövlət kəndlinin məhsulunu alsa, onun belini qıracaq” – Ekspertdən deputatın təklifinə REAKSİYA
Deputat Hikmət Babaoğlu kənd təsərrüfatı istehsalçılarının məhsullarının dövlət tərəfindən satın alınaraq ixracının təşkil edilməsini təklif edib. Onun fikrincə, belə bir mexanizm kənd təsərrüfatının inkişafına ciddi stimul verə bilər.
Lakin kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bu təklifin əleyhinədir. O hesab edir ki, məhsulların dövlət adından fəaliyyət göstərən bir şirkət tərəfindən satın alınması bazarda monopoliyanın yaranmasına, nəticədə isə kəndlilərin zərər çəkməsinə səbəb ola bilər.
Redaktor.az-a danışan Vahid Məhərrəmovun sözlərinə görə, deputatlar bəzən kifayət qədər mürəkkəb olan sahələrlə bağlı da fikir bildirirlər:
"Halbuki elə sahələr var ki, olduqca mürəkkəbdir. Məsələn, kənd təsərrüfatında istehsalla bağlı problemlər var. Bundan başqa, istehsal vasitələri, məhsulun saxlanılması, anbarlar və satışla bağlı çətinliklər mövcuddur. İndi isə təklif edirlər ki, məhsulu dövlət alsın. Dövlət deyəndə nə nəzərdə tutulur? Məhsulu hansısa MMC alacaq. Dövlət özü məhsul alıb sata bilməz. Hər halda, bu işi hansısa MMC-yə həvalə edəcəklər. Yəni bir şirkət yaradılacaq və ya mövcud şirkətlərdən birinə bu səlahiyyət veriləcək. Belə olan halda həmin şirkət monopolistə çevriləcək və qiymətləri diktə edəcək. Çünki hansı məhsulun alınacağına da o qərar verəcək. Nəticədə bazarda tələbat olmayan məhsulların alınması məsələsi də ortaya çıxa bilər.
Biz bu mərhələni sovet dövründə keçmişik. O vaxt tədarük qurumları var idi. Onlar məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı göstərir və kəndlidən aşağı qiymətə alırdılar. Məsələn, süd qəbul edərkən yağlılıq dərəcəsini aşağı yazır, əti qəbul edərkən köklük dərəcəsini olduğundan az göstərirdilər. Bununla da kəndlinin belini qırırdılar. Biz artıq bu mərhələni keçmişik. Bəs niyə bazar iqtisadiyyatına keçmək istədik? Onu da deyim ki, həm Rusiyada, həm də Azərbaycanda fermer təsərrüfatlarının yaradılması və bazar iqtisadiyyatına keçidlə bağlı ilk təşəbbüs göstərənlərdən biri də mən olmuşam. Çünki həmin sahələri müəyyən şəxslər ələ keçirmiş, bu yolla varlanırdılar. Hara gedirdinizsə, ət kombinatının rəhbərinin böyük evi, bahalı avtomobili var idi. Süd zavodunun direktoru da ən imkanlı şəxslərdən sayılırdı. Halbuki kəndli il ərzində qazandığı əməkhaqqını belə ala bilmirdi".
O əlavə etdi ki, sonradan taxıl qəbul edən müəssisələr, taxıl qəbulu kontorları, eləcə də meyvə-tərəvəz tədarükü ilə məşğul olan qurumlar da eyni qaydada fəaliyyət göstərirdi:
"Görünür, indi yenidən bizə belə bir sistemi qəbul etdirmək istəyirlər. Yəqin ki, artıq bu işi kimə həvalə edəcəklərini, kimi daha çox varlandıracaqlarını da düşünüblər. Lakin bu, kəndlinin belini qıracaq. Belə bir sistemə qətiyyən getmək olmaz. Dəfələrlə bu cür təkliflər irəli sürülüb. Mən dəfələrlə onların əleyhinə çıxış etmişəm və nəticədə həmin təşəbbüslər dayandırılıb. Biz bu mərhələni artıq keçmişik. Yenidən belə bir sistem qurulsa, məhsulun təhvil verilməsi üçün növbələr yaranacaq, kəndli məhsulunu ucuz qiymətə satmağa məcbur olacaq. Bu isə möhtəkirliyə yol açacaq. Onsuz da hazırda məhsulu ucuz alıb baha satanlar var. Dövlət də belə bir şirkəti himayə etsə, vəziyyət daha da ağırlaşacaq. Bir tərəfdən həmin quruma subsidiyalar veriləcək, digər tərəfdən isə o, kəndlidən məhsulu ucuz alaraq daha çox qazanc əldə edəcək. Kəndli isə məhsul istehsal edib həmin quruma təhvil verməklə özünü aldadacaq.
Belə bir sistemə qətiyyən keçmək olmaz. Təəssüf ki, bizim cəmiyyətdə asan qazanc əldə etmək istəyənlər çoxdur. Mən hesab edirəm ki, Azərbaycan üçün ən uyğun model bazar iqtisadiyyatıdır. Monopoliyanı aradan qaldırmaq, kəndliyə sərbəst fəaliyyət göstərmək imkanı yaratmaq lazımdır. Kəndliyə imkan verilməlidir ki, istehsal etdiyi məhsulun bir hissəsini ucuz və əlçatan anbarlarda saxlasın. Belə olduqda o, məhsulunu tələsik tədarükçülərə satmağa məcbur qalmaz, mərhələli şəkildə bazara çıxararaq daha çox qazanc əldə edə bilər. Bu, həm də onun biznesini genişləndirməkdə maraqlı olmasına şərait yaradar. Azərbaycan üçün çıxış yolu budur, başqa yol yoxdur".
NURİYYƏ













