"Parlament deputatı kimi bizim üç əsas vəzifəmiz var" - Aydın Mirzəzadədən AÇIQLAMA

 13:39 13.11.2026     105

Millət vəkili Naqif Həmzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib ki, deputatın adı var, ancaq heç bir səlahiyyəti yoxdur.

Bəs qanunla deputatın hansı səlahiyyətləri var və onlara əlavə hansı səlahiyyət verilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan prezidentli respublikadır və konstitusiyamızda dövlət hakimiyyətinin hər bir qolunun, o cümlədən qanunvericilik orqanı olan parlamentin vəzifə və səlahiyyətləri geniş şəkildə izah edilib:

"Parlament deputatı kimi bizim üç əsas vəzifəmiz var. Birincisi, qanunların qəbul edilməsidir. İkincisi, seçicilərin qaldırdıqları məsələləri dövlət səviyyəsində gündəmə gətirmək, onların həllinə dair təkliflər vermək, hətta vətəndaşların şəxsi problemlərini belə diqqətdə saxlayaraq həllinə nəzarət etməkdir. Üçüncüsü isə dövləti cəmiyyətdə və beynəlxalq birlikdə təmsil etməkdir. Bütün bunların həyata keçirilməsi üçün konstitusiyamızda deputatlara geniş səlahiyyətlər verilib. Biz parlamentdə məqbul hesab etdiyimiz məsələləri qaldıra, onların həllinə dair təkliflərimizi səsləndirə bilirik. Nəzərə alsaq ki, parlamentin fəaliyyəti mətbuat tərəfindən geniş işıqlandırılır, deməli, deputatın bu və ya digər məsələ ilə bağlı qaldırdığı problem artıq cəmiyyətin diqqət mərkəzinə düşür".

Onun sözlərinə görə, deputat ictimai xarakterli və ya konkret bir şəxslə bağlı məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarının rəhbərlərinə müraciət etmək, onlarla görüşmək, təkliflərini çatdırmaq və problemin həllinə dair hüquqi mexanizmləri öyrənmək imkanına malikdir.

"Eyni zamanda, deputat müvafiq dövlət orqanlarına deputat sorğusu göndərərək onlardan cavab tələb edə bilər. Deputatın özünün müəyyən etdiyi qrafik əsasında seçki dairəsində seçiciləri qəbul etmək və onlarla geniş görüşlər keçirmək imkanı da var. Son dövrlərdə texniki imkanlardan istifadə etməklə telefon və sosial şəbəkələr vasitəsilə əlaqə saxlamaq da geniş vüsət alıb. Bir sözlə, deputat Azərbaycanda malik olduğu geniş səlahiyyətlər çərçivəsində dövlət, region və ayrı-ayrı vətəndaşlarla bağlı məsələləri müzakirəyə çıxarmaq, onların həlli üçün müvafiq orqanlara müraciət etmək, görülən işləri nəzarətdə saxlamaq və öz təkliflərini vermək imkanına malikdir.

Mən də bu səlahiyyətlərə uyğun olaraq həm ümumdövlət məsələləri, həm təmsil etdiyim Mingəçevir şəhəri, həm də ayrı-ayrı vətəndaşların problemləri ilə bağlı parlamentdə məsələlər qaldırıram, müvafiq dövlət qurumlarına müraciət edirəm. Bu istiqamətdə görülən işlər barədə məlumat verir, təkliflərimi səsləndirir və həlli mümkün olan vətəndaş problemlərini diqqətdə saxlamağa çalışıram", - deyə A.Mirzəzadə yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən