""Deputatın səlahiyyəti yoxdur" fikrini dəstəkləmirəm" - Tahir Rzayev

 16:54 13.11.2026     95

"Deputat həmkarlarımın hər birinin fikrinə hörmətlə yanaşıram. Onlar fikir söyləməkdə, təkliflər verməkdə azaddırlar və müstəqildirlər. Ancaq səsləndirilən hər bir fikir reallığa əsaslanmalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Tahir Rzayev bildirdi.

O vurğuladı ki, deputatın yerlərdə necə qarşılanması, sözünün nə dərəcədə keçərli olması ilk növbədə onun öz davranışından, işə münasibətindən, insanlarla əlaqə yaratmaq və münasibət qurmaq bacarığından asılıdır:

"Mən 26 illik deputat fəaliyyətim dövründə bunu aydın şəkildə görmüşəm və bu gün də hiss edirəm. Bəzən elə məsələlər qaldırılır ki, onlar deputatın səlahiyyətlərinə aid olmur. Deputat isə bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir və məsələ həll edilmədikdə səlahiyyətlərinin olmadığını bildirir. Halbuki deputat öz səlahiyyətləri çərçivəsində hərəkət etməlidir. İnsanlarla görüşlərində, söhbətlərində onların problemlərinin həllinə nail olmaq üçün öz imkanlarını səfərbər etməlidir. Yeri gələndə məsələ qaldırmalı, aidiyyəti şəxslərlə görüşməli, hətta vətəndaşın evinə getməlidir.

Bilirsinizmi, mən yenə də deyirəm, hörmət və etimad hər bir insanın özünün yaratdığı dəyərdən, nümayiş etdirdiyi qabiliyyət və bacarıqdan qaynaqlanır. "Deputatın səlahiyyəti yoxdur, heç bir iş bacarmır" kimi fikirləri mən heç vaxt dəstəkləmirəm. Fəaliyyətimdə də belə bir yanaşma ilə rastlaşmamışam. Ola bilsin ki, kimsə haqsız və ya uyğun olmayan tələb irəli sürür və bunun yerinə yetirilməməsini özünə qarşı hörmətsizlik kimi qiymətləndirir. Bu, düzgün yanaşma deyil. Şəxsi məsələlərin parlament tribunasına gətirilməsi yolverilməzdir. Biz xalq, insanlar, seçicilər tərəfindən seçilmiş şəxslərik. İlk növbədə vəzifəmiz onların maraqlarını, istək və arzularını parlamentə gətirmək, səsləndirmək və həmin təkliflərin həyata keçirilməsi üçün köməklik göstərməkdir. Elə məsələlər var ki, onların həlli zaman tələb edir. Elə problemlər də mövcuddur ki, mövcud reallıqlar çərçivəsində bu gün onların həlli mümkün deyil".

Millət vəkili qeyd etdi ki, ölkədə böyük və möhtəşəm işlər görülür. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bu gün təsəvvürəgəlməz tikinti, abadlıq və quruculuq işləri həyata keçirilir.

"Belə bir şəraitdə hansısa kiçik küçənin problemini qabartmaq, gündəmə gətirmək və xüsusi şəkildə təqdim etmək, əlbəttə ki, bir qədər cılız görünür. Şübhəsiz ki, problemlər var. Hər bir regionda, hər bir ərazidə müəyyən çatışmazlıqlar mövcuddur. Ancaq bunları ölkənin inkişafına və bütün regionlarına şamil etmək düzgün yanaşma deyil.

Ona görə də hesab edirəm ki, hər bir millət vəkili öz səlahiyyətləri çərçivəsində məsələlər qaldırmalıdır. Yanaşma reallığa və ümumi məqsədlərə əsaslanmalıdır. Şəxsi ambisiyalar və şəxsi mənafelər ön plana çəkilməməlidir. Danışıqlarda, söhbətlərdə və təkliflərdə çılğınlığa yol vermək olmaz. Bu, siyasətçiyə xas xüsusiyyət deyil. Deputatların səlahiyyətləri var və dövlət onlara bu səlahiyyətlərdən istifadə etmək üçün imkan yaradıb. Hər bir deputat da öz səlahiyyətlərini, adını və hərəkətlərini düzgün qiymətləndirməli, fəaliyyətini bu prinsiplər əsasında qurmalıdır".

Xatırladaq ki, Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə müzakirələr zamanı bildirib ki, "bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən