Söyüdlü ilə bağlı yayılan xəbərin arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA

 16:22 15.11.2026     154

Azərbaycan Respublikası Media və Yayım Şurası Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Şuranın açıqlamasında bu iddiaların tamamilə əsassız olduğu və ictimai rəyi manipulyasiya etməyə yönəldiyi qeyd olunub.

Bildirilib ki, Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında yayılan materialda uydurma və şayiə xarakterli məlumatlar dövlət səviyyəsində qəbul edilmiş qərar kimi təqdim edilib.

Qeyd olunub ki, bu cür məlumatların yayılması əhali arasında təşviş yaratmaq, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Şura vurğulayıb ki, sözügedən kanal əvvəllər də Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatlar yayıb.

Açıqlamada, həmçinin məsələnin araşdırılması üçün “Meta” şirkətinə rəsmi müraciət ünvanlandığı bildirilib. Şura şirkətin müraciəti operativ araşdıracağına və dezinformasiyanın platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addımlar atacağına ümid etdiyini qeyd edib.

Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi açıqlamaları əsasında yoxlamağa, təsdiqlənməmiş iddiaları yaymaqdan çəkinməyə çağırıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən