"Müasir dövlətin büdcəsi sadəcə böyük deyil, strateji olmalıdır" - Komitə sədri

 11:38 16.11.2026     38

"Azərbaycan bu dövrdə regional proseslərə təsir göstərən, güclü mərkəzlərlə bərabərhüquqlu tərəfdaşlıq edən, çoxtərəfli platformalarda və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən dövlətdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin iclasında büdcə müzakirələri zamanı bildirdi.

Onun sözlərinə görə, ölkəmiz bu xüsusiyyətləri ilə qlobal siyasət arenasında özünəməxsus mövqeyə malik, suveren dövlət kimi tanınır və qəbul olunur:

"İqtisadi müstəqillik baxımından Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə yönəldən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edən və iqtisadi müstəqilliyinə ciddi önəm verən dövlətdir. Enerji və iqtisadi infrastruktur, Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat bağlantıları, Xəzər üzərindən rəqəmsal imkanlar, eləcə də ciddi perspektivə malik yaşıl iqtisadiyyat Azərbaycanın iqtisadi əhəmiyyətini regional iqtisadi göstəricilərindən daha yüksək səviyyəyə qaldırıb. Bütün bunlar dövlətin maliyyə sisteminə və büdcə siyasətinə bir tərəfdən xüsusi tələblər müəyyən edir, digər tərəfdən isə müəyyən gözləntilər yaradır. Belə ki, müasir dövlətin büdcəsi sadəcə böyük deyil, strateji büdcə olmalıdır.

Bu büdcə siyasəti iqtisadi müstəqilliyin qorunmasına, xarici şoklara qarşı maliyyə ehtiyatlarının yaradılmasına, milli təhlükəsizliyin təmin edilməsinə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət edir. Buna görə də makroiqtisadi vəziyyətdən və konyunktur dəyişikliklərindən asılı olmayaraq, maliyyə və təhlükəsizliyimiz ən yüksək səviyyədə təmin edilməlidir. Bu baxımdan, dayanıqlı iqtisadiyyata malik ölkə üçün valyuta ehtiyatları, suveren fondlar, idarə olunan dövlət borcu və konservativ fiskal siyasət sadəcə büdcə planlaşdırılması deyil, iqtisadi təhlükəsizliyin ən mühüm amilləridir. Bu yanaşmanı hökumətin siyasətində də aydın görə bilərik. 2026-cı il noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcu təxminən 4,5 milyard dollar təşkil edir ki, bu da ümumi daxili məhsulun 5,6 faizi səviyyəsindədir. Ümumi həcmi 89,4 milyard dollar olan strateji valyuta ehtiyatlarımız isə makroiqtisadi sabitliklə yanaşı, Azərbaycan dövlətinin illər ərzində qoruyub saxladığı iqtisadi suverenliyi də dəstəkləyir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən