"Neft pulları niyə tam xərclənmir?" - Milli Məclisdə mühüm suala aydınlıq gətirildi
"Bəzən belə bir fikir səsləndirilir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə tam həcmdə xərclənmir? Hesab edirik ki, bu məsələyə prinsipial yanaşılmalıdır. Növbəti illərdə daimi xərclərin artırılması, başqa sözlə, uzunmüddətli xərc öhdəliklərinin yaradılması düzgün yanaşma deyil. Çünki büdcə gəlirləri hər zaman dəyişkən ola bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov büdcə müzakirələri zamanı bildirdi.
O əlavə etdi ki, istənilən halda, büdcə üçün əlverişli konyunktur şəraitində də məsuliyyətli və ehtiyatlı yanaşmaya əməl olunmalıdır:
"Dövlət maliyyə sisteminin dayanıqlığının əsas göstəricisi yalnız böhranlı illərdə deyil, gəlirlərin yüksək olduğu dövrlərdə də düzgün siyasət aparılmasıdır. Belə ki, əlverişli konyunktur şəraitində bütün əlavə gəlirlərin xərclənməsi maliyyə sistemində problemlərə gətirib çıxara bilər. Bazar şərtləri pisləşdikdə isə dövlətin maliyyə imkanları daralır.
Bu siyasətin əsas məqsədlərindən biri məhz belə asılılığın azaldılmasıdır. Büdcə zərfində əsaslı layihələrə və dövlət investisiyalarına 5,4 milyard manat vəsaitin nəzərdə tutulması baza iqtisadi şərtləri əsasında xərclərin formalaşdırılmasına xidmət edir. Təbii ki, dövlət investisiyalarının alternativ təsirləri də nəzərə alınmalıdır".
NURİYYƏ













