"Keyfiyyətli təhsil Azərbaycanın gələcək inkişafının əsas təminatıdır" - Jalə Əliyeva
"Azərbaycanın sosial siyasətinin əsas prioritetləri sırasında ailələrin rifahının yaxşılaşdırılması, qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması, uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi dayanır. Bu istiqamətləri əhatə edən tədbirlər dövlətimizin gələcəyinə qoyulan sərmayədir. Eyni zamanda, şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə, aztəminatlı ailələrə və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara diqqət göstərilməsi də daim diqqət mərkəzində saxlanılır".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Jalə Əliyeva bildirdi.
O, büdcənin hər bir sahəsinə ayrılan diqqəti xüsusi vurğuladı:
"Müasir dünyada dövlətlərin qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas amil insan kapitalıdır. Keyfiyyətli təhsil, güclü elm, müasir texnologiyalar və peşəkar kadrlar Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Səhiyyənin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması sosial dövlət modelinin mühüm tərkib hissəsidir. Büdcədə bu sahəyə ayrılan diqqəti də xüsusi qeyd etməliyik. Eyni zamanda, regionların aqrar sektorunda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi üçün büdcədə iqtisadi müstəqilliyimizin daha da gücləndirilməsinə xidmət edən tədbirlərin nəzərdə tutulması təqdirəlayiqdir.
Büdcədə müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılan vəsaitin mövcud səviyyədə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Əldə edilən nailiyyətlərin qorunması, suverenliyimizin və təhlükəsizliyimizin təmin edilməsi güclü iqtisadiyyat və qüdrətli ordu deməkdir. Bu gün Azərbaycanın qarşısında yeni böyük siyasi vəzifələr dayanır. Bu vəzifə böyük Zəfəri qoruyub saxlamaq, onu inkişafa, daha böyük iqtisadi qüdrətə, sosial islahatlara və milli tərəqqiyə çevirməkdir".
NURİYYƏ













