Deputat müəllimlərin maaş artımı faizlərinin dəyişdirilməsini təklif ETDİ

 13:04 16.11.2026     74

"Sertifikasiyadan keçən müəllimlərin maaşlarının artırılması məsələsinə toxunmaq istəyirəm. Eyni zamanda düşünürəm ki, maaş artımları ilə bağlı 10, 20 və 35 faizlik nisbətə yenidən baxılmasına ehtiyac var. Bu nisbətin ən azı 10, 25 və 35 faiz səviyyəsində müəyyənləşdirilməsinin tərəfdarıyam".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov bildirdi.

O vurğuladı ki, digər bir məsələ sertifikasiyadan keçməyən müəllimlərlə bağlıdır:

"Onların maaşları azdır. Sertifikasiyadan keçməyən pedaqoqlarımız da var və onların əməkhaqlarının az da olsa artırılması həmin müəllimlərə böyük dəstək olar. Digər məsələ ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa artırılmasıdır. Əgər bu mümkün deyilsə, ən azı elmi dərəcələrə görə verilən məbləğin artırılması məsələsinə baxılmasını təklif edirəm. Bu gün cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, quruculuq, kənd təsərrüfatı və digər sahələrdə bir çox tədbirlər həyata keçirilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə əhalinin daha sürətlə və münasib qiymətlərlə torpaqla təmin olunması prosesinə əlavə dəstək göstərilməsini xahiş edirik.

Digər bir məsələ məktəblər kimi mədəniyyət müəssisələrinin, xüsusilə kitabxanaların da müasir dövrdə mərkəzə çevrilməsidir. Bu məsələlərə yanaşarkən səmərəlilik və qənaətlə yanaşı, onların ideoloji funksiyasının da nəzərə alınmasını xahiş edirəm. Odur ki, bu müəssisələrin bağlanması və işçilərin ixtisarı məsələsinin hələlik təxirə salınmasını təklif edirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən