Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Yeni Məcəlləyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Qeyd edək ki, indiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.













