Məlahət İbrahimqızı səhiyyəyə ayrılan vəsaitlə bağlı mühüm rəqəmləri AÇIQLADI
"Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən meqalayihələrə ötən dörd il ərzində Azərbaycanın öz imkanları hesabına böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Hesab edirəm ki, bu rəqəm özlüyündə hər şeyi deyir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirmək istəyirəm".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı bildirdi.
Onun sözlərinə görə, ötən illərdə uğurla həyata keçirilən bu layihələr həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir:
"Beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının göstəricilərindən biri də dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsidir. Uzun illərdir ölkəmizdə Prezidentimizin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən uğurlu islahatlar səhiyyə sahəsində də öz əksini tapıb.
Bunu dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi də təsdiq edir. Belə ki, bu il səhiyyə xərclərinin 5 faiz artırılaraq 2,5 milyard manat səviyyəsinə çatdırılması, eləcə də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin 4 milyard manata çatdırılması ölkəmizin səhiyyə sisteminin inkişafı baxımından mühüm nailiyyətdir. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir səhiyyə infrastrukturunun qurulması, maliyyə şəffaflığının təmin edilməsi, səmərəli əməkdaşlığın genişləndirilməsi, nadir xəstəliklərin müalicəsinin maliyyələşdirilməsi və icbari tibbi sığorta xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində atılan addımları təqdirəlayiq hesab edirəm".
NURİYYƏ













