"Dövlət müəssisələrinin bağlanması miqrasiyanı artıra bilər" - Zahid Orucdan XƏBƏRDARLIQ
"Azərbaycanın maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə fəaliyyət göstərməsinə imkan verir. Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin, filialların və törəmə şirkətlərin sayı 65 500-dür. Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mindən çoxdur. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya və kommunikasiya sahəsində isə 1800-dən artıq xarici kapitalın iştirakı ilə yaradılmış müəssisə fəaliyyət göstərir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.
O əlavə etdi ki, Qazaxıstanda “Honda” markalı avtomobillərin istehsal edildiyi müəssisədə 1000-ə yaxın insan çalışır.
"Ötən il 52 mindən çox avtomobil istehsal olunub. Özbəkistanda isə dünyanın aparıcı elektromobil istehsalçılarından olan BYD şirkəti ilə birgə fəaliyyət həyata keçirilir.
Son illər dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmə konsepsiyasının və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə də diqqət yetirilməlidir. 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 mindən çox olduğu halda, hazırda bu rəqəm 837 minə çatıb. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb. Haqlı olaraq belə bir sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir? Ölkəmizdə problem dövlət sektorunun böyüməsindən daha çox, özəl sektorun yetərincə genişlənə bilməməsidir. Dövlət sektorunda çalışanların mütləq sayını azaltmadan da onun iqtisadiyyatda nisbi çəkisini aşağı salmağın daha sağlam yolu mövcuddur. Bunun üçün ştatların birbaşa ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yeri yaradılmalıdır. Paralel strukturların ləğvi, rəqəmsallaşdırma və büdcə vəsaitlərindən səmərəli istifadə ilə yanaşı, parlament nəzarətinin gücləndirilməsi də vacibdir. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrinin ixtisarı və ya bağlanması miqrasiyanın qarşısını almağı çətinləşdirir".
NURİYYƏ













