Dövlət işçilərini kütləvi ixtisar etmək əvəzinə bu addım atılsın – Zahid Orucdan ÇAĞIRIŞ

 17:34 16.11.2026     130

“Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı bildirdi.

Deputat son illər dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə diqqət yetirilməsinin vacibliyini vurğuladı.

O qeyd etdi ki, 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda bu rəqəm 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb.

Zahid Oruc dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektorun hansı səviyyədə qəbul etməyə qadir olduğu ilə bağlı sualın yarandığını bildirdi.

Deputatın sözlərinə görə, ölkədə əsas problem dövlət sektorunun böyüklüyündən daha çox, özəl sektorun yetərincə genişlənə bilməməsidir. O hesab edir ki, dövlət sektorunda çalışanların mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmaq mümkündür. Bunun üçün ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yeri yaradılmalıdır.

Komitə sədri dövlət qurumlarının xərclərinə qənaət tədbirlərinin digər dövlət təşkilatlarında sosial müdafiə xərclərinin artmasına səbəb olması məsələsinə də toxundu. O, peşəkar kadrların itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsinin yenidən hesablanmasının vacibliyini qeyd etdi.

Zahid Oruc paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadəni dəstəklədiyini bildirsə də, rayonlarda alternativ iş yerləri yaradılmadan dövlət müəssisələrində ixtisarların paytaxta miqrasiyanın qarşısını almağı çətinləşdirəcəyini vurğuladı.

Deputat təklif etdi ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsin.

O, həmçinin hökumətin son beş ildə həyata keçirilən optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparmasının faydalı olacağını bildirdi.

Vumart və Güvən reklamı Vumart Güvən