Məhsul var, satış yeri yoxdur – Deputat kiçik sahibkarların problemini QALDIRDI

 11:14 17.11.2026     48

"Hazırda Azərbaycanda kiçik sahibkarlar, ailə təsərrüfatları və yerli istehsalçılar müxtəlif məhsullar istehsal edirlər. Quş əti, yumurta, süd, meyvə, konserv, tekstil, balıq və digər məhsullar üzrə geniş istehsal potensialımız var. Lakin bu istehsalçıların əksəriyyətinin əsas problemi məhsul istehsal etmək deyil, onu satmaqdır. Məhsul hazır olduqdan sonra onun harada saxlanacağı və necə satışa çıxarılacağı məsələsi çox vaxt istehsalçının öz üzərinə düşür".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Razi Nurullayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, kiçik sahibkarların böyük supermarketlərə çıxış imkanları məhduddur:

"Qablaşdırma, saxlama və daşıma imkanları da kifayət qədər deyil. Nəticədə keyfiyyətli məhsul istehsal olunsa da, istehsalçı ondan lazımi faydanı əldə edə bilmir. Düşünürəm ki, bu məsələ iqtisadi siyasətimizdə ayrıca istiqamət kimi nəzərdən keçirilməlidir. İlk növbədə, dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanları genişləndirilməlidir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər dövlət müəssisələri məhsul aldıqda, bu satınalmaların mümkün olan hallarda kiçik lotlara bölünməsi ailə təsərrüfatlarının və kiçik sahibkarların bazara çıxışını asanlaşdırar".

Deputat ikinci vacib məsələnin supermarketlərlə kiçik istehsalçılar arasında münasibətlərin tənzimlənməsi olduğunu vurğuladı:

"Kiçik istehsalçılar satış şəbəkələrinə daxil olmaq üçün əlavə ödənişlər və əlverişsiz müqavilə şərtləri ilə üzləşirlər. Bu münasibətlərdə şəffaflığın təmin edilməsinə, ödəniş şərtlərinin yaxşılaşdırılmasına və yeni istehsalçılar üçün satış imkanlarının yaradılmasına nail olmaq lazımdır.

Üçüncü məsələ sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərcləridir. Kiçik istehsalçılar üçün bu xərclər ciddi maliyyə yükünə çevrilir. Təklif edirəm ki, mikro və kiçik sahibkarlara bu xərclərin ödənilməsi istiqamətində dövlət dəstəyi göstərilsin. Regionlarda məhsulların qablaşdırılması və sertifikatlaşdırılması üçün mərkəzlərin yaradılması da nəzərdən keçirilsin".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən