Azərbaycan alimləri dünya elminə niyə töhfə verə bilmir? – Deputat səbəbləri SADALADI
"Mütləqdir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da elmin inkişafı xalqımız üçün prioritet məsələlərdən biri olsun. Təkcə islahatların aparılması deyil, hər bir sahədə elmin rolunun artırılması və aktuallaşdırılması vacibdir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elnarə Akimova 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.
O, çıxışına Lui Pasterin məşhur fikri ilə başladı:
"Elmin vətəni yoxdur, alimin vətəni var". Belə bir vətən anlayışı Azərbaycan elminin inkişaf yolunda da əsas götürülməlidir. Dövlətimiz elmin inkişafına layiqincə maliyyə vəsaiti ayırmalıdır. Lakin bu, təkcə dövlətin deyil, elmin inkişafını istəyən cəmiyyətin də məsuliyyətidir. Elmdə tərəqqi əldə etmək üçün inkişafı dünyanın aparıcı elmi mərkəzləri ilə qarşılıqlı inteqrasiya səviyyəsində qurmalıyıq.
Deputat elmin inkişafı üçün gənc alimlərin beynəlxalq elmi mərkəzlərdə təmsil olunması və onların tədqiqatlarına maliyyə dəstəyinin artırılması məsələlərinə də toxundu:
"Gənc elmi potensialımız dünyanın aparıcı elmi mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarından daha səmərəli istifadə etmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılırmı? Heç kimə sirr deyil ki, elmin inkişafı və Nobel mükafatları baxımından bir sıra ölkələr, o cümlədən Pakistan və Türkiyə diqqətəlayiq nəticələr əldə edib. Biz də elmdə öz məhsulumuzu ortaya qoymalı, elmi nailiyyətlərimizlə dünyada tanınmalıyıq. Bu istiqamətdə insanlara xidmət edən elmi fəaliyyətin dəstəklənməsi, alimlərin maddi vəziyyətinin nəzərə alınması vacibdir".
Deputat çıxışında mətbuatın da ümumdünya informasiya şəbəkəsində öz mövqeyini qoruyub saxlamasının vacibliyini vurğuladı:
"Yeni dövrün reallıqları elektron informasiya daşıyıcılarının və müasir informasiya təqdimatı vasitələrinin əhəmiyyətini artırıb. Artıq dünyada informasiya texnologiyaları ilə yanaşı, yaddaş və informasiya daşıyıcılarının da rolu sürətlə artır. Bildiyiniz kimi, 1990-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuatın maddi vəziyyəti ağır idi. Həmin mətbuat orqanlarının bağlanması təhlükəsi yaranmışdı. Bu baxımdan, 1992-ci ildən ədəbi nəşrlərin dövlət büdcəsindən maliyyələşdirilməsi istiqamətində addımlar atılıb. Diqqətinizi xüsusilə buna yönəltmək istəyirəm. Həmin nəşrlərin mövcudluğunu davam etdirməsi və fəaliyyətini qoruyub saxlaması üçün maliyyə dəstəyi mühüm rol oynayıb.
Elnarə Akimova iqtisadiyyatın inkişafı ilə yanaşı, ədəbi nəşrlərin fəaliyyətinə ayrılan diqqətin də artırılmasının vacibliyini qeyd etdi:
"İqtisadiyyatımızın inkişafı ilə yanaşı, bu nəşrlərin fəaliyyətinin daha yüksək səviyyədə davam etdirilməsi məsələsinə də diqqət ayrılmalıdır. Bunun üçün dövlət büdcəsində onlara ayrılan vəsaitin artırılması vacibdir".
NURİYYƏ













