Qarabağ Universitetində 5 min tələbə üçün yataqxana tikiləcək – Deputat
"Dövlətin 2027-ci il dövlət büdcəsi layihəsi Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi kursun, qarşıya qoyduğu strateji hədəflərin və gələcək inkişaf prioritetlərinin maliyyə təminatıdır. Layihəyə nəzər saldıqda görürük ki, dövlətin əsas prioritetləri iqtisadi dayanıqlığın qorunub saxlanılması, əhalinin sosial rifahının gücləndirilməsi, müdafiə potensialının artırılması və işğaldan azad edilmiş ərazilərin bərpasıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Tural Gəncəliyev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.
O, diqqətə çatdırdı ki, 2027-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 7,9 faiz artırılması nəzərdə tutulur:
"Bu, dövlətin sosial öhdəliklərinə sadiqliyinin və əhalinin həssas qruplarının müdafiəsinə verdiyi önəmin göstəricisidir. Xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının və digər kateqoriyalardan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Digər mühüm məsələ müdafiə və təhlükəsizlik sahəsidir. Ölkəmizin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Bu, Azərbaycanın hərbi təhlükəsizliyinin qorunması və əldə etdiyi strateji üstünlüklərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin davamıdır.
Deputat işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin də büdcənin mühüm prioritetlərindən biri olduğunu vurğuladı:
"Bununla yanaşı, büdcənin mühüm prioritetlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesidir. 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün ümumilikdə 5,3 milyard manat ayrılması nəzərdə tutulur. Bunun böyük hissəsi işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsinə, şəhər və kəndlərin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına, yaşayış evlərinin tikintisinə və tarixi-mədəni abidələrin bərpasına yönəldiləcək".
Onun sözlərinə görə, bu rəqəmlər sadəcə maliyyə göstəriciləri deyil:
"Onlar Azərbaycanın öz gücü və siyasi iradəsi hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra qarşıya qoyduğu yeni tarixi mərhələnin konkret ifadəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf modelinin mühüm nümunəsidir. Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil, həm də həmin ərazilərdə dayanıqlı iqtisadiyyatın, müasir yaşayış mühitinin və yeni sosial infrastrukturun formalaşması deməkdir. Təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitlər də dövlətin insan kapitalının inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə verdiyi önəmin göstəricisidir.
Deputat təhsil infrastrukturunun inkişafı baxımından Qarabağ Universitetinin əhəmiyyətini də xüsusi vurğuladı:
"Bu istiqamətdə Xankəndində fəaliyyət göstərən Qarabağ Universitetinin inkişafı xüsusi diqqətə layiqdir. Universitetdə 9 istiqamət və 9 ixtisas üzrə təhsil imkanlarının yaradılması, 5 minədək tələbənin yataqxana ilə təmin edilməsi planları işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun və elmi potensialın inkişafına verilən önəmin bariz nümunəsidir. Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, həm də Xankəndinin sosial, iqtisadi və intellektual həyatının canlanmasında mühüm rol oynayan strateji layihədir".
NURİYYƏ













