"Müraciət edən hər kəsə tələbə krediti verilsin" - Deputatdan TƏKLİF

 12:30 17.11.2026     183

"Təhsil tələbə kreditinə müraciət edən şəxslər həqiqətən ehtiyacları olduğu üçün müraciət edirlər. Təklif edirəm ki, müraciət edən şəxslərin hər birinə tələbə krediti verilsin".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Anar İsgəndərov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı dedi.

O, nəzərə çatdırdı ki, 2027-ci ildə təhsil tələbə kreditlərinin verilməsi üçün 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub:

"Aztəminatlı tələbələrin bu kreditlərdən yararlanması vacibdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 min 600-dən çox gəncin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə cəlb olunması üçün 20,9 milyon manat ayrılacaq. Bu vəsait yol və əmlakın daşınması, kommunal xidmətlər, eləcə də yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların ödənilməsinə yönəldiləcək.

Deputat gənc mütəxəssislərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi üçün əlavə tədbirlərin vacibliyini vurğuladı:

"Gənc mütəxəssislərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi üçün yalnız təbliğat kifayət deyil, əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər də tətbiq olunmalıdır.

2026-2027-ci tədris ilindən fəaliyyətə başlayan, mühəndislik və tibb ixtisasları üzrə 300 tələbənin təhsil alacağı Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat vəsait ayrılıb. Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait nəzərdə tutulub. 2027-ci ilin dövlət büdcəsi layihəsində elmin maliyyələşdirilməsi üçün 257 milyon 900 min manat vəsait nəzərdə tutulur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən