"​Orta məktəb dərsliklərinin tərtibatı və nəşri insanları ciddi narahat edir" - Deputat

 12:33 17.11.2026     27

"Kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb edilməsi fermerlərin işini çətinləşdirə bilər. Çünki fermer gübrəyə, yanacağa, texnikaya, suvarmaya və işçi qüvvəsinə xeyli vəsait sərf edir. Məhsulunu vaxtında sata bilmir. Ona görə də vergidən azadolmanın daha bir neçə il uzadılmasını xahiş edirəm".

Redaktor.az xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

O, iqtisadiyyatımıza fayda verə biləcək yun və gön-dəri məhsullarının artıq tullantıya çevrildiyini vurğuladı:

"Fermerlərin bir çoxu becərdikləri tərəvəz, bostan və meyvə məhsullarını vaxtında sata bilmirlər. Bu məhsulların tədarükü, emalı və saxlanılması dövlət tərəfindən təmin edilərsə, büdcəmizə xeyli gəlir gətirmiş olarıq".

Deputat kommunal və digər xidmət sahələrində aparılan ixtisarların nəticələrinə də diqqət çəkdi:

"Büdcəyə qənaət etmək məqsədilə son illər kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində xeyli ixtisarlar aparılıb, verilən yanacağın miqdarı bir neçə dəfə azaldılıb. Nəticədə tullantıların götürülməsi, yaşıllıqların qorunması və suvarılması, təmizliyin gözlənilməsi xeyli çətinləşib. Min zəhmət bahasına əkilib-becərilən yaşıllıqlar sıradan çıxmaqda, çox sayda ağac qurumaqdadır. Rayonları demirəm. Bakı-Gəncə magistral yolunun kənarında salınmış yaşıllıqlara, quruyan ağaclara nəzər salmaq kifayətdir".

Tahir Rzayev orta məktəb dərsliklərinin hazırlanması və nəşri ilə bağlı narazılığını da ifadə etdi:

"Orta məktəb dərsliklərinin tərtibatı və nəşri insanları ciddi narahat edir. Xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxan, milli-mənəvi dəyərlərimizə zidd, sönük cızma-qaraları məktəb dərsliklərinə salıb qazanc əldə edənlər təkcə ayrılan dövlət vəsaitlərini mənimsəmirlər, övladlarımızın mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar. Bu barədə ciddi düşünülməli, əsaslı tədbirlər görülməlidir.

Mən hörmətli səlahiyyət sahiblərinin büdcə vəsaitlərindən səmərəli istifadə olunması sahəsində həyata keçirdikləri tədbirləri təqdir etməklə bərabər, səsləndirilən məsələlərə önəm vermələrini xahiş edirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən