Bakının qəsəbələrində ciddi problemlər var – Deputat məktəb, səhiyyə və məşğulluq məsələlərini qaldırdı

 13:11 17.11.2026     98

"Olduqca önəmli strateji sənədin müzakirəsini keçiririk. Hesab edirəm ki, kifayət qədər mükəmməl hazırlanmış bu sənəd barədə həm mən, həm də məndən əvvəl çıxış edən hörmətli həmkarlarım ətraflı münasibət bildirdik. Ona görə də detallara varmadan dövlət büdcəsi layihəsinə səs verəcəyimi əvvəlcədən bildirmək istəyirəm. Bununla yanaşı, təmsil etdiyim 29 saylı Səbail dördüncü seçki dairəsi ilə bağlı bəzi məsələləri də diqqətinizə çatdırmaq istəyirəm".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azər Allahverənov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

"Keçən il 2026-cı ilin dövlət büdcəsi layihəsini müzakirə edərkən bir sıra məsələləri qaldırmışdım. Fürsətdən istifadə edərək həmin məsələlərin bir qisminin həllində bizə dəstək göstərən hökumət nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə vurğulamaq istəyirəm ki, Zabrat qəsəbəsində 21 saylı poliklinikanın nəhayət, bu il əsaslı təmirinə başlanılıb. Yaxın vaxtlarda poliklinikanın yenidən 40 minə yaxın sakinin istifadəsinə verilməsi nəzərdə tutulur. Düşünürəm ki, bu, həqiqətən də çox mühüm hadisədir. Bu məsələdə bizə dəstək olan aidiyyəti strukturlara bir daha təşəkkürümü bildirirəm. Digər bir məsələ Nardaran Sağlamlıq Mərkəzində bəzi tibbi aparatların olmaması ilə bağlı idi. Həmçinin bir qisim həkimin işə cəlb olunması, xüsusilə də vakant yerlərlə bağlı fikirlərimi səsləndirmişdim. Nəticədə müəyyən aparatlarla təchizat həyata keçirildi və həkimlər də işə cəlb olundu. Bu məsələdə də dəstək göstərənlərə təşəkkürümü bildirmək istəyirəm", - o dedi.

Millət vəkili bunlarla yanaşı, təmsil etdiyi ərazidə həllini gözləyən digər problemlərdən də danışdı:

"Onları yenidən gündəmə gətirməklə təmsil etdiyim ərazidə mövcud olan problemləri aidiyyəti strukturların diqqətinə çatdırmaq istəyirəm. Elə buradaca Nardaran Sağlamlıq Mərkəzi ilə bağlı qeyd etmək istəyirəm ki, mərkəzin iki korpusu var. İkinci korpusun, yəni stasionar müalicə üçün nəzərdə tutulan binanın əsaslı təmirə ciddi ehtiyacı var. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm. Digər problem isə bəzi tibbi aparatların çatışmazlığı, eləcə də LOR və dermatoloq həkimlərin işə cəlb olunması ilə bağlıdır".

O əlavə etdi ki, həmin vəzifələr vakant olsa da, hələlik müvafiq mütəxəssislərlə təmin edilməyib:

"Yeri gəlmişkən, məsələni dəqiqləşdirməyə çalışdım və mənə bildirildi ki, bu, əhalinin sayı ilə bağlı müəyyən normativlərdən irəli gəlir. Düşünürəm ki, həmin normativlərə yenidən baxılmalıdır ki, qəsəbə sakinləri müvafiq tibbi xidmətlərdən rahat şəkildə yararlana bilsinlər. Digər bir məsələ Zabrat və Kürdəxanı qəsəbələrində idman meydançalarının olmamasıdır. Hesab edirəm ki, bu da kifayət qədər ciddi problemdir. Çünki uşaqların asudə vaxtının səmərəli təşkili və sağlam böyüməsi baxımından belə meydançaların yaradılması vacibdir".

Deputat Pirşağıda yerləşən Mədəniyyət Mərkəzinin də əsaslı təmirə ciddi ehtiyacı olduğunu diqqətə çatdırdı. O, təhsil müəssisələri ilə bağlı problemləri də gündəmə gətirdi:

"Eyni zamanda, hörmətli həmkarlarım təhsil məsələləri ilə bağlı bir sıra problemləri vurğuladılar. Bənzər vəziyyət Zabrat qəsəbəsindəki 192 saylı məktəbdə də müşahidə olunur. Burada ciddi şagird sıxlığı var və sakinlər bu məsələ ilə bağlı tez-tez mənə müraciət edirlər. Eyni vəziyyət Nardaran qəsəbəsində də mövcuddur. Orada məktəbəqədər təhsil müəssisəsinin olmaması valideynləri uşaqlarını qonşu qəsəbələrdəki bağçalara aparmağa məcbur edir. Bu isə əlavə gündəlik çətinliklər yaradır. Düşünürəm ki, hər iki problemin modul tipli korpusların inşası yolu ilə həlli mümkündür.

Yeri gəlmişkən, Nardaran qəsəbəsi barədə danışarkən sakinlərin mənə ünvanladığı çoxsaylı müraciətlərdən birinə də toxunmaq istəyirəm. Bu, həmin ərazidə fəaliyyət göstərən bağçılıq və gülçülük təsərrüfatları ilə bağlıdır. Bir neçə onillik əvvəl Nardaran və qonşu qəsəbələrdə bu sahələr geniş inkişaf etmiş, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə olunmuşdu".

Azər Allahverənov bu gün həmin qəsəbələrdə bağçılıq və gülçülük sahəsinin yenidən canlandırılması üçün müəyyən mexanizmlərin işə salınmasına ciddi ehtiyac olduğunu bildirdi:

"Burada hansı mexanizmləri nəzərdə tutduğumu keçmiş təcrübəyə istinadən izah etmək istəyirəm. Söhbət tədarük məntəqələrinin yaradılmasından gedir. Sakinlərin, xüsusilə də yaşlı nəslin nümayəndələrinin çoxsaylı müraciətlərində belə məntəqələrin fəaliyyətinin bərpası məsələsi qaldırılıb. Onlar bildirirlər ki, bu, nəticə etibarilə məhsuldarlığın artırılması ilə yanaşı, təsərrüfat fəaliyyətinin stimullaşdırılmasına da töhfə verə bilər. Düşünürəm ki, bu məsələni də xüsusi diqqət mərkəzində saxlamalıyıq.

Yeri gəlmişkən, məşğulluq məsələsi də həmin qəsəbələr üçün olduqca aktualdır. Emal müəssisələrinin və müxtəlif iş yerlərinin yaradılmasını, xüsusilə də dövlət-özəl tərəfdaşlığı strategiyasına uyğun şəkildə həyata keçirmək mümkündür".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən