“Müraciətlərimiz niyə qulaqardına vurulur?” - Səyyad Arandan sərt çıxış

 13:12 17.11.2026     42

“İnsanlar dövlət büdcəsi layihəsini böyük ümidlə gözləyirlər. Çünki maaşların, o cümlədən müəllimlərin əməkhaqlarının artacağı, sosial sahədə əhalinin rifahına yönələn tədbirlərin genişlənəcəyi barədə məlumatlar eşidiblər. İnsanlar bunları gözləyirlər. Biz də burada bu məsələlərdən danışmasaq, onları diqqətə çatdırmasaq, düzgün olmaz. Sonra seçicilərimiz bizdən soruşurlar ki, parlamentdə hansı məsələləri qaldırmısınız?”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran bildirdi.

"Keçən il sentyabrın 23-də “Azərişıq”a məktub yazmışam. Məktubda qeyd etmişəm ki, Baxtan kəndinin yuxarı hissəsində, arxın kənarında beton elektrik dirəyi yıxılmaq üzrədir. Həmin dirəyə taxta parçası, yaxud ağac kötüyü ilə dayaq verilib. Əgər o dirək aşsa və oradan keçən avtomobilin üzərinə düşsə, avtomobildə olan insanlar xəsarət alsalar, bunun məsuliyyətini kim daşıyacaq? Axı mən sizə ötən il sentyabrın 23-də məktub yazmışam, lakin hələ də cavab yoxdur. Seçicilərimiz də məndən soruşurlar ki, bu məsələ ilə bağlı nə tədbir görülüb? Yaxınlarda kəndlərdən birində olmuşam. Həmin kəndin məktəbi 15 il məcburi köçkünlər üçün istifadə olunub və hazırda bərbad vəziyyətdədir. Bununla belə, kəndin şagirdləri qızıl və gümüş medallar qazanır, digər yüksək nailiyyətlər əldə edirlər. Məktəbin ingilis dili üzrə göstəriciləri də çox yaxşıdır. Direktorla görüşüb bu nailiyyətlərlə tanış oldum. Lakin məktəbin binası bərbad vəziyyətdədir", - deyə o qeyd etdi.

Deputat daha sonra məktəbin yaxınlığında yerləşən elektrik transformatorunun uşaqlar üçün yaratdığı təhlükədən və İmişlinin bir sıra kəndlərinin qazlaşdırılması problemindən danışdı:

“Məktəbin yaxınlığında açıq elektrik transformatoru da var. Uşaqlar həmin ərazidə futbol oynayırlar. Transformatorun üzərində sarı, göy və qara rəngli düymələr, naqillər var. Uşaqların maraq göstərərək ora yaxınlaşmasının və təhlükəli vəziyyətin yaranmasının qarşısını necə almaq olar? Transformatorun ətrafına mühafizə çəpərinin çəkilməsi üçün müraciət etmişəm. Məktub yazmışam, amma hələ də tədbir görülməyib. Niyə bu müraciətlər qulaqardına vurulur? Ərazimdə yerləşən Hacıqasımlı, Camallı, Musalı, Nərimanbənd və Nuruclu kəndlərinin qazlaşdırılması məsələsi də həllini gözləyir. İmişlinin bir neçə kəndində qaz yoxdur. Xanım sədr, olmazmı, bu kəndlərin də qazlaşdırılması təmin edilsin? Rayonlarda qazlaşdırma işləri başa çatdırılanda İmişlinin də bütün kəndlərinin qazlaşdırıldığını deyə bilək. Sadə bir həqiqət var: bu kəndlər niyə qazlaşdırılmır? Boruların olmadığı, maliyyə imkanlarının çatmadığı bildirilir. Ancaq başqa ərazilərdə qazlaşdırma işləri davam edir. İmişlinin kəndləri üçün də bu məsələnin həllinə diqqət yetirilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən