"Çətin vəziyyətdə qalan ailələr üçün xüsusi fond yaradılsın" - Razi Nurullayev
Mövcud sosial yardım mexanizmlərindən yararlana bilməyən, lakin həqiqətən köməyə ehtiyacı olan ailələr üçün dövlət büdcəsində ayrıca fərdi sosial dəstək fondu yaradılmalıdır.
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında dedi.
Deputat bildirdi ki, müxtəlif prosedurlar, gəlirlərin hesablanması və digər meyarlar səbəbindən ağır vəziyyətə düşən bəzi ailələr mövcud sosial yardımdan yararlana bilmirlər:
"Ailənin əvvəlki dövrdəki gəlirləri sosial yardımın müəyyənləşdirilməsində nəzərə alındığından, ailə üzvünün ağır xəstələnməsi, işini itirməsi və ya digər gözlənilməz hadisələr nəticəsində maddi vəziyyəti qəfil pisləşən insanlar yardımdan kənarda qala bilirlər. Ağır xəstəlik, qəza, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməz hadisələr nəticəsində çətin vəziyyətə düşən ailələrə operativ yardım göstərilməsi üçün ayrıca fond yaradılsın. Müraciətlərə qısa müddətdə baxılması və təcili hallarda ilkin yardımın gecikdirilməməsi vacibdir. Uzunmüddətli xəstəlik səbəbindən işləmək imkanını itirən vətəndaşların sosial müdafiəsi gücləndirilməlidir".
NURİYYƏ













