"İşsiz insan məsləhət yox, pul istəyir" - Fazil Mustafa
"Əhalinin artımını nəzərə alaraq, müvafiq məbləğ 600 manatdan 1000 manata qaldırılıb. Bu, çox böyük dəstəkdir. Çünki həm ailənin ehtiyacları, həm də uşağın dünyaya gəlməsi ilə bağlı müəyyən ödənişlər həyata keçirilir. Özəl sektorda xidmətlərin, xüsusilə də bəzi xidmət sahələrinin daha yüksək vəsait tələb etməsi ailələri çətin vəziyyətə sala bilərdi. Ona görə də bu məbləğin artırılması doğru addımdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında dedi.
Onun sözlərinə görə, vacib məsələlərdən biri də Dövlət Məşğulluq Agentliyinin vəsaitləri ilə bağlıdır:
"Bu sahədə mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bunun üçün görülən işlərin nəticələri də aydın şəkildə müəyyənləşdirilməlidir. Dövlət səviyyəsində 230 min şəxsə peşə məsləhəti verilməsi nəzərdə tutulur. Əslində, işsizlikdən sığorta fondunun mahiyyəti işsizliyə görə sığorta ödənişlərinin həyata keçirilməsidir. Bu fondun əsas vəsaitləri işsizliyə görə sığorta ödənişlərinə, özünüməşğulluq tədbirlərinin təşkilinə və sosial iş yerlərinin yaradılmasına yönəldilir. Bununla yanaşı, müəyyən məsləhət xidmətlərinin göstərilməsi üçün də vəsait ayrılır. Məncə, bu vəsaitlərin fondun real imkanlarına nə dərəcədə uyğun olduğunu qiymətləndirmək lazımdır.
Düşünürəm ki, vəsaitlərin daha böyük hissəsi birbaşa işsizliyə görə sığorta ödənişlərinə yönəldilməlidir. Çünki işsiz qalan insan hansısa məsləhət almaq üçün müraciət etmir. O, konkret olaraq gününü, ayını başa vurmaq, ailəsini dolandırmaq üçün bu ödənişə ehtiyac duyur. Ona görə də həmin vəsaitləri başqa sahələrə yönəltməkdənsə, birbaşa işsiz vətəndaşlara ödənilməsinə üstünlük verilməlidir. Digər bir məsələ isə həmin məbləğlərlə bağlıdır. Akademiyanın strukturları ləğv olunarkən onların bir qismi Təhsil Nazirliyinə verildi. Otuzdan artıq institut müvafiq qaydada birləşdirilərək səkkiz publik hüquqi şəxs yaradıldı. Publik hüquqi şəxslər yaradıldıqdan sonra digər institutlar isə Akademiyanın tərkibində qaldı.
Nəticədə eyni sahədə çalışan, eyni işi görən insanlar arasında əməkhaqqı fərqi yarandı. Publik hüquqi şəxs yaradılan zaman orada çalışan direktorun maaşı 360 manatdan 3600 manata, direktor müavininin maaşı isə 3115 manata qədər yüksəldi. Akademiyanın tərkibində qalan institutlarda isə direktorların maaşı 1200, 1450 və ya 1000 manat səviyyəsində qaldı. Beləliklə, təxminən 2000 manatlıq fərq yarandı. Əslində, bu, həmin insanların şəxsi günahı deyil. Sadəcə, qurumların statusu dəyişdiyi üçün eyni işi görən şəxslərin əməkhaqları arasında ciddi fərq yaranıb. Buna görə də bu iki amil nəzərə alınmalı, həmin şəxslərin dəstəklənməsinə ehtiyac olduğu diqqətdə saxlanılmalıdır. Bununla bağlı müvafiq addımlar atılmalıdır".
NURİYYƏ













