Müəllim və həkimlərin sanatoriya müalicəsi üçün ayrılan pul artırılsın - Deputatdan TƏKLİF

 18:39 17.11.2026     36

"Bu gün müzakirə etdiyimiz Dövlət Sosial Müdafiə Fondu ilə bağlı vacib məqamlar hörmətli həmkarlarımın çıxışlarında da öz təsdiqini tapdı. Mənim diqqətimi çəkən bir neçə ciddi məsələ var ki, düşünürəm, bunlar həqiqətən də təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Xüsusilə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə diqqət yetirdikdə görürük ki, 2027-ci il üçün proqnozlaşdırılan artım göstəricisi 10,18 faiz təşkil edir. Bu, təbii ki, müsbət göstərici sayıla bilər. Dinamikaya nəzər saldıqda da görürük ki, ildən-ilə artım qeydə alınır. Bu isə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının güclənməsinə xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu deputat Azər Allahverənov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirdi.

"Bununla yanaşı, bir sıra sosial məsələləri də diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə, bu, sosial xidmətlərin əlçatanlığı ilə bağlıdır. Mənim təmsil etdiyim Sabunçu seçki dairəsində vətəndaşlarla görüşlər zamanı sosial xidmətlərin mahiyyəti və imkanları barədə məlumat verdikdə sakinlər tez-tez müraciət edərək bu xidmətlərin hansı səviyyədə və hansı istiqamətlərdə göstərilməsi ilə bağlı daha ətraflı məlumat almaq istədiklərini bildirirlər", - o dedi.

Millət vəkili sosial xidmətlər barədə əhalinin məlumatlandırılması üçün geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğuladı:

"Çünki sosial xidmətlərin əlçatanlığını yüksək səviyyədə təmin etmək istəyiriksə, məlumatların aidiyyəti kateqoriyadan olan insanlara vaxtında çatdırılması vacibdir. Xüsusilə rəqəmsal texnologiyalardan istifadə etməklə bu prosesi daha səmərəli təşkil edə bilərik. Söhbət əlilliyi olan şəxslərdən, sosial müdafiəyə ehtiyacı olan və aztəminatlı ailələrdən gedir. Müvafiq məlumatların həmin ailələrə vaxtında çatdırılması dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə də ciddi dəstək vermiş olar. Bir qədər əvvəl məndən öncə çıxış edən hörmətli həmkarım sanatoriya-kurort sahəsinə ayrılan vəsait barədə danışdı".

Azər Allahverənov sanatoriya-kurort müalicəsinə ayrılan 25 milyon manat vəsaitin artırılmasına da ehtiyac olduğunu bildirdi:

"Nəzərə alsaq ki, təhsil və səhiyyə sistemində on minlərlə, hətta yüz minlərlə əməkdaşımız var və onların bir çoxu yay aylarında sanatoriya-kurort müalicəsindən yararlanmaq istəyir, mövcud maliyyə imkanları hər kəsin bu xidmətdən istifadə etməsinə kifayət etmir. Nəticədə həmin şəxslər ya xarici ölkələrə üz tutmalı, ya da özəl müəssisələrin xidmətlərindən yararlanmalı olurlar. Düşünürəm ki, bu sistemi inkişaf etdirməklə həm də maliyyə vəsaitlərinin ölkə daxilində qalmasına, xaricə valyuta axınının qarşısının alınmasına töhfə vermiş olarıq. Hesab edirəm ki, bu da kifayət qədər ciddi məsələdir".

Deputat daha sonra Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının tibbi sığorta imkanları ilə bağlı məsələyə toxundu:

"Dünən də dövlət büdcəsini müzakirə edərkən bu istiqamətdə görülən işlərdən danışdıq və onun ayrı-ayrı aspektlərinə toxunduq. Mən isə burada sosial təminatla bağlı başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Bu, ANAMA əməkdaşlarının icbari tibbi sığortadan yararlanmaq imkanları ilə bağlıdır. Əvvəlki illərə nəzər saldıqda görürük ki, həmin agentliyin əməkdaşları müxtəlif özəl sığorta şirkətlərinin xidmətlərindən yararlanırdılar. İndi isə müəyyən səbəblərdən onlar icbari tibbi sığorta çərçivəsində birbaşa dövlət tibb müəssisələrinə müraciət etmək məcburiyyətindədirlər. Halbuki əvvəlki dövrdə özəl sığorta şirkətləri ilə əməkdaşlıq zamanı daha çevik müayinə və müalicə imkanları mövcud idi. Ən azı, ANAMA əməkdaşları üçün əlavə imkanların yaradılmasına ehtiyac var. Bunun üçün özəl sığorta şirkətləri ilə müqavilələrin bağlanması da nəzərdə tutula bilər. Beləliklə, həmin şəxslərin bir qismi icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin, digər qismi isə özəl sektorun xidmətlərindən yararlanmaq imkanı əldə edə bilər. Hesab edirəm ki, bu, olduqca vacib məsələdir. Mən qanun layihəsinə səs verirəm və həmkarlarımı da bu layihəni dəstəkləməyə çağırıram".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən