“Bu qərar qiymətlərin artmasına səbəb olacaq” - Fazil Mustafadan ETİRAZ
Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa parlamentdə qanun layihəsinin müzakirəsi zamanı bir sıra məsələlərə toxunub.
Redaktor.az xəbər verir ki, millət vəkili qanun layihəsinin qeyri-neft iqtisadiyyatının gəlir yaratmaq imkanlarını genişləndirmək məqsədi daşıdığını bildirib.
O, istehsalla bağlı sahələrə verilən dövlət subsidiyalarının vergidən azad olunmasını müsbət hal kimi qiymətləndirib.
Fazil Mustafa sahibkarlıq subyektləri üçün yalnız elektron formada müraciət edilməsi tələbinin qoyulmasının problemlərin vaxt itkisi olmadan çevik həllinə kömək edə biləcəyini vurğulayıb.
Deputat bəzi bankların kreditə görə girov qoyulan əmlakın girovdan çıxarılmasını ciddi problemə çevirdiklərini diqqətə çatdırıb:
"Sahibkarlıq subyekti məhkəmə qərarı ilə borcunu və faizini ödəyir, üstəlik, əmlakını girovdan çıxarmaq üçün məhkəməyə müraciət etməli olur. Bu, vaxt itkisi və əsəblə yanaşı, sahibkar üçün həm də maneə kimi anlaşılır.
Sahibkarların əksər hallarda vergi qurumları ilə hansısa problemi yaşanmır. Son illərdə Dövlət Vergi Xidməti tərəfindən sahibkarlığın inkişafını stimullaşdırıcı addımlar atılır. Sadəcə, ayrı-ayrı qurumların müxtəlif bəhanələrlə sahibkarlıq subyektlərini cərimələrlə yükləməsi iş yerlərinin bağlanmasına və ya işçi sayının məhdudlaşdırılmasına gətirib çıxarır.
Halbuki bu dəyişikliyin fəlsəfəsi sahibkarların öz istehsalını genişləndirməsini stimullaşdırmağa yönəlib. Sahibkarlıq subyektləri böyüdükcə ayrı-ayrı qurumların müdaxiləsi və cərimələri də böyüyür. Bu səbəbdən sahibkarlar imkanlarını dar çərçivədə saxlamağa məcbur olurlar".
Deputat elektrik avtomobillərinə tətbiq edilən vergilərin də bu nəqliyyat vasitələrinin ölkəyə idxalına və satışına mənfi təsir göstərdiyini bildirib.
O qeyd edib ki, dünyanın böyük əksəriyyətində elektrik avtomobillərinin alışını stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq olunur:
"Bu gün dünya ölkələrinin böyük əksəriyyətində elektrik avtomobillərinin alışını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir. Elektrik avtomobili istehsal edən çox az sayda ölkələrdə bazarlarını qorumaq məqsədilə vergi var.
Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərinin gətirilməsinə vergi yox idi, amma bu ildən var. Verginin qoyulması, təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətinin yüksəlməsinə səbəb oldu və ölkəyə daxil olan elektrik avtomobillərinin sayını azaltdı.
Bu vergidən büdcəyə çox az vəsait gəlir. Digər tərəfdən, elektrik avtomobillərinin sayının, satış nöqtələrinin azalmasına, elektrikin və benzinin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxardı. Bunlar da büdcəyə daxil olan vəsaitlərin ciddi surətdə azalmasına səbəb olur.
Eyni zamanda, böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergilərdən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur".
Fazil Mustafa turizm potensialından da səmərəli istifadə edilmədiyini vurğulayıb. O, Türkiyə və Gürcüstanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib:
"Eyni zamanda, biz turizm potensialından səmərəli istifadə etmirik. Türkiyə və Gürcüstanın bu sahədə təcrübəsini öyrənmək yetərlidir ki, bu sahədən də büdcə gəlirlərinin artmasına nail olaq. Nə qədər çox gəlir olarsa, vətəndaşların da sosial vəziyyətini yaxşılaşdırmaq imkanları daha çox genişlənər".
NURİYYƏ













