"Fermerlərə güzəştlər və stimullar verilməlidir" - Deputatdan TƏKLİF

 11:26 18.11.2026     50

"Seleksiya yolu ilə yaradılmış məhsulların, toxumların və cinslərin sayı daha da artırılmalıdır. Ümumilikdə, aqrar sektorda intensiv suvarma texnologiyalarının tətbiqi daha geniş ərazilərin suvarılmasına və resurslara qənaət edilməsinə imkan yaradır. Bu məsələ xüsusilə Azərbaycan üçün aktualdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əlibala Məhərrəmzadə bildirdi.

Onun sözlərinə görə, yüksək texnologiyaların tətbiqi nəticəsində aqrar sahədə bir çox prosesləri avtomatlaşdırmaq, bitkilərdə yaranan xəstəlikləri və digər problemləri vaxtında aşkar etmək mümkündür:

"Bu yanaşma həm də maya dəyərinə ciddi təsir göstərən əmək xərclərinə qənaət etməyə imkan verə bilər. İntensiv suvarma ilə yanaşı, bitkilərə qulluq, torpaqdan səmərəli istifadə və digər aqrotexniki tədbirlər də mühüm əhəmiyyət daşıyır. Bu üsullar daha az xərc və daha qısa müddətdə yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Bir tərəfdən su təminatı yaxşılaşdırılmalı, digər tərəfdən isə kənd təsərrüfatında bəzi məhsullar üzrə iqtisadi itkilərin 80-90 faizədək azaldılması istiqamətində tədbirlər görülməlidir.

Əgər biz aqrar sektorun inkişafını və torpaqların müasir, məhsuldar kənd təsərrüfatı sahələrinə çevrilməsini hədəfləyiriksə, ilk növbədə qabaqcıl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə mövcud boşluqları aradan qaldırmalıyıq. Ən əsası isə vurğuladığım kimi, intensiv suvarma sistemlərinə keçid sürətləndirilməlidir".

Deputat bölgələrdə fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini də vurğuladı:

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən işlər görülür və bunu müşahidə edirik. Lakin bölgələrdə fermerlər və kənd təsərrüfatı subyektləri arasında daha geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Eyni zamanda, stimullaşdırıcı tədbirlər də həyata keçirilməlidir. Bütün bunlar vahid dövlət proqramında öz əksini tapmalıdır.

Yeni yanaşmaların kənd təsərrüfatında tətbiqi təkcə ərzaq təhlükəsizliyini təmin etməyəcək, həm də ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına kömək edəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən